Məşhurlarımız mətbuata inanırmı? – SORĞU

Azərbaycanda ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Yenicag.az olaraq jurnalistlərin peşə bayramında tanınmışlar arasında sorğu keçirdik: Mətbuata inanırsınızmı?

Mənsum İbrahimov, xanəndə, xalq artisti:

“Bütün sahələrdə olduğu kimi mətbuatda da təsadüfi insanlar, qarayaxanlar, reket jurnalistlər çoxdur. Əlbəttə, qələminə hörmət edən dəyərli jurnalistlərimiz var, dünən də olub və sabah da olacaqlar. Bütün dəyərli, peşəsinə hörmət edən jurnalistlərimizi təbrik edirəm, hər zaman ədalətli və cəsarətli olun”.

Vahid Əziz, xalq şairi:

“Mətbuatımız da özümüzə oxşayır. Təəssüf ki, aralarımızda zaylarımız və axsaqlarımız da var”.

Baba Vəziroğlu, şair, əməkdar incəsənət xadimi:

“İnandığım, etibar etdiyim, sədaqətli dostlarım kimi, mətbuatda da seçim edirəm, sınaqdan keçirirəm. Baxıram, kim yalançı, təxribatçı, fırıldaqçıdır və kim sözün düzünü deyir, pula şirniklənmir, xüsusi maraqları yoxdur, onlar arasında seçim edirəm. Ən böyük biclik düzlükdür, arzum budur ki, haqq yolunda olmayanlar da haqq yoluna qayıtsınlar.

Sizin şəxsinizdə bütün mətbuat işçilərini, qələm dostlarımı ürəkdən təbrik edirəm”.

Sərvər Əliyev, rejissor, əməkdar artist:

“Əlbəttə inanıram və bütün media işçilərini təbrik edirəm”.

Zümrüd Məmmədova, müğənni, xalq artisti:

“İnanıram və heç vaxt narazılığım olmayıb. Bayramınız mübarək, sizdən qələbə xəbəri gözləyirik və tezliklə o xəbəri alacağımıza inanıram”.

Oqtay Əliyev, prodüser, “Soy prodakşın”ın rəhbəri:

“Bu gün özünə, peşəsinə hörmətlə yanaşan, ucuz populyarlıq dalınca qaçmayan, tam müstəqil mətbuata inanıram. Amma evində sayt və ya TV açıb, laqqırtıyla məşğul olanlara inanmıram”.

Zenfira Sadıqova, aktrisa, əməkdar artist:

“Xeyr, inanmıram”.

Cəvahir