Pinəçilik qədim sənətlərdən biridir. Adətən, əksər hallarda pinəçilərin işini ya övladları, ya da qohumları davam etdirir. Nəsildən-nəsilə ötürülən bu sənəti hələ də yaşadanlar var.
Axşamtərəfi idi… Yolumun üstündə təsadüfən “Ayaqqabı təmiri” yazılan bir yer gözümə sataşdı. İçəri daxil oldum, usta iş başında idi. Qadın ayaqqabısı təmir edirdi. Pinəçilik sənətinə ömrünün 27 ilini verən, əslən Zəngilan rayonundan olan 40 yaşlı Zaur ustanı bu ərazidə hamı yaxşı tanıyır. Dediyinə görə, məhəllədə kimdən soruşsan, onun oturduğu yeri göstərəcək.
Pinəçi köşkü çox kiçik və dar idi. Adamın lap ürəyi sıxılırdı. Ancaq nə etmək olar, “çörəkpulu” qazanmaq üçün bəzən insan hər zəhmətə qatlaşır. Bu dar hücrəyə birtəhər də olsa lazım olan avadanlığını yerləşdirib. Ətrafda isə xeyli sayda təmirə gətirilmiş ayaqqablar var.
Bizi görən kimi pinəçinin gözlərinə “işıq” gəldi. Elə bildi ki, müştəriyik:
– Usta, xoş gördük. Bu dəfə müştəri kimi yox, həmsöhbət olmağa gəlmişik. Yeriniz çox dardı, adamın lap ürəyi sıxılır…
– Xoş gördük. Yerimiz dar olsa da, ürəyimiz “genişdir” (gülür).
– Zaur usta, pinəçilik sənətini özünüz seçdiniz?
– Bəli. Bu sənəti seçmək mənim öz içimdən gəldi. Özüm ali təhsilliyəm, Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Hakimlik dərəcəm var. Ancaq xoşuma gəldiyi üçün bu sənətdən yapışdım. Həm “çörəkpulu”muz çıxır, həm də ki, başım qarışır.
– Neçə ildir pinəçiliklə məşğulsuz?
– 12-13 yaşım olanda, cırıq ayaqqabılarımızı qonşu kənddəki yaşlı bir pinəçiyə aparardım. Saatlarla oturub, onun əlinə baxar, həm həvəslə öyrənərdim, həm də ayaqqabıların təmirini gözləyərdim. O vaxtdan-bu vaxta ən azı 27 ildir ki, ayaqqabı təmir edirəm. Doğulduğum Zəngilan rayonunda, İmişlidə, Şirvanda işləmişəm. Burda da (Bakıda– red) gördüyünüz kimi işləyirəm. 17 ildir də bu məhəllədəyəm.
– Pinəçilik sənəti haqqında məlumatınız varmı?
– Açığı yoxdur. Amma yaxşı dediniz. Bundan sonra məşğul olduğum iş barəsində məlumatım olsun deyə araşdırma aparacam. Belə hesab edirəm ki, pinəçilik məcburiyyətdən yaranan bir sənət olub.
Bizimlə söhbət edə-edə işindən də ayrılmır. Digər suallara keçid etmək istəyirdim ki, xanım müştəri təngnəfəs içəri girir. Tələsdiyini bildirib, ayaqqabısını istəyir. Zaur usta da xanımın ayaqqabısını verib, pulunu alır. Sevincək stolun gözündəki siyirtməni çəkib, pulu ora atır. Və gileylənməyə başlayır:
– Səhərdən indiyədək hələ heç nə qazanmamışdım. Ayağınız yaman “yüngüldür” (gülür). Bax, bu xanım vardı ha, 1 ay idi ki, ayaqqabısı burda idi, ancaq gəlib aparmırdı.
– Yaman giley-güzar etdiniz. Vəziyyət hər gün belədir, yoxsa bu gün qazancınız az olub?
– Hə… Görürsüz də, bayaqdan siz gələndən sonra 3-4 adam gəlib. “Qryaznı” materialla birlikdə 10-15 manat qazancım olub. Şükür, gündəlik dolanışıq pulumuz çıxır. Ancaq elə gün olur ki, səhərdən axşama qədər boş-bekar otururam. İnanın, elə günlərim olub ki, bu sənətə həvəsim var deyə, pulsuz da ayaqqabı təmir etmişəm. Baxmışam imkanı yoxdur, ayaqqabını havayı düzəltmişəm.
– Tanınmış simalardan ayaqqabı təmir etdirən olubmu?
– Əlbəttə.. O qədər müğənni, aktyor, hətta məmur və onların ailəsindən gəlib-gedən var ki.
– Məsələn, kimlər?
– Məmurların adlarını deməyəcəm. İstəmirəm başım ağrısın (hiss edirəm ki, çəkinir). “Qız atası” serialına çəkilən kişi var ha, Teymur Məmmədov. O lap tez-tez gəlir yanıma, hətta saatlarla oturub söhbət edir. Həm deyib-gülürük, həm də təmirə ehtiyacı olan ayaqqabılarını düzəldirəm. Bilirsiniz, adlarını niyə çəkmək istəmirəm? Çünki işim əziyyət tələb edir deyə, bəzən pulumu lap artıqlaması ilə verirlər. Amma pulumu kəsəni də olur. Bax, buna görə də istəmirəm adlarını çəkim (gülümsəyir və başını yelləyir).
– 27 ildir pinəçiliklə məşğulsunuz. Bezib, uzaqlaşmaq istədiyiniz an olubmu?
– İşimə görə olmayıb. İnsanların incə işə qiymət vermədiklərinə görə bezdiyim anlar olub. Ancaq bu sənətlə məşğul olduğum üçün peşman deyiləm. Əslində, bir dəfə 6 ay bu sənətdən uzaq qalmışam. Həmin müddət səhhətimdə ciddi problem yarandığı üçün xəstəxanada müalicə olunmuşam. Sağalan kimi də yenə də işimə davam etdim.
– Heç olubmu ki, hansısa müştərinin ayaqqabısı aylarla, illərlə burda qalsın?
– Bəli, olub. Elə olub ki, ayaqqabını da verib, pulunu da. Ancaq 2 ildən sonra burdan keçəndə utana-utana ayaqqabını götürüb. Mən ayaqqabının içinə ad və soyadını yazıb saxlayıram. Elə olub ki, çox gözləmişəm gəlməyib, ayaqqabıları tullamışam. Müştərilərim ayaqqabını verəndə “səhər gəlib götürəcəm”, deyirlər. Ancaq aylar, illər keçir nə gələni olur, nə gedəni… (ah-çəkir, gözləri qapıya dikilir).
– Bəs sonradan müştəri gəlib ayaqqabını istəməyib?
– Bu, mənim günahım deyil axı. Qapıdan girən müştərinin üzünə baxan kimi bilirəm ki, bu, mənim adamımdır, yoxsa yox. Həm də 17 ildir burdayam, çoxusu da daimi müştərilərimdir. Belə də ki, zəhmət çək, gətirib verdiyin kimi də götürüb aparmalısan. Yerim çox balacadır, mən necə saxlaya bilərəm o qədər ayaqqabını? Özüm güc-bəla ilə bura yerləşirəm, qalmışdı hələ artıq ayaqqabıları da saxlayım. Bura bəyəm, ayaqqabı dükanıdır ki, kolleksiya yığam? (üzünü ayaqqabılar yığılan dolaba tərəf tutur və gülür).
Başına gələn hadisədən danışır…
– Bir dəfə də narkomanın biri gəlib dedi ki, ayaqqabımı təmirə vermişdim. Yalandan buraları söküb-tökdürdü mənə. Bildim ki, bu, qurama işdir. Soruşdum nə qədər vermişdin. Dedi, 10 manat. Çıxarıb verdim. Amma bildim ki, məni aldadır. Onun təsvir etdiyi ayaqqabını heç vaxt götürməmişdim. Mən də etməyib tənbəllik o oğlanı araşdırdım. Sən demə, bu məhəllədən 5 küçə aşağı qalan biridir. Avara, özü də narkoman imiş. Nəşə almağa pulu olmadığı üçün gəlib məni aldadıb. Bu da mənim səhvimdir ki, mən onu tanımamışam.
– Usta, nə əcəb valideynləriniz ali tahsiliniz ola-ola bu sənətlə məşğul olmağınıza mane olmayıblar?
– Əslində, vəziyyət belə tələb edirdi. Çətinliyimizi dəf etmək üçün heç birisi mənə mane olmadılar. Çünki heç kimə möhtac olmaq istəməmişəm. Həm də mən pinəçiliklə məşğul olduğum dövrdə ali təhsil aldım. Evlənəndən sonra da özüm də oxudum, həyat yoldaş da…
– Deyirsiniz ki, idman müəllimiyəm. Niyə müəllim işləmədiniz?
– Müəllimin maaşı məni qane etmirdi. Bu sənətə öyrəşmişəm. Bu sənətin gücünə mən ali təhsil almışam, ev-eşik sahibi olmuşam. Bu sənəti tapdalaya bilmərəm, haqqı “vurar” məni (gülümsəyir və ayaqqabılara göz gəzdirir).
Usta ayaqqabılara baxır ki, hansı tez başa gələndirsə onu da təmir etsin. Biz də oturub, onu gözləyirik və həmin vaxt müştərilərdən biri gəlir. Bizi görən kimi “Neçə ildir ki, mən evdə nə qədər cırıq ayaqqabı olursa Zaurun yanına gətirirəm. Onun da əlləri maşallah olsun ki, qızıldır”, – deyə, başlayır pinəçini tərifləməyə. Zaur da ayaqqabılara baxır və 1 saatdan sonra hazır olacağını deyir.
Müştəri gedir, mən də digər suala keçid edirəm:
– Usta, Zəngilanda da pinəçilik etmisiniz?
– Bəli, etmişəm. Zəngilanda gözəl günlərim olub. Orda daha güclü idim. Adam yaşlandıqca qəlbən incəlir.
Zəngilanın adını çəkən kimi kövrəlir və gözləri dolur. Sanki, bu dəqiqə bulud kimi boşalıb, şimşək kimi çaxacaq. Mövzunu dəyişirik:
– Pinəçilikdə müəlliminiz oldu?
– Xeyr. Onun-bunun əlinə baxa-baxa öyrənmişəm. Bizdən çox xoşum gəlib, hətta məni bu sənətə cəlb edən də biz olub. Əvvəllər marağında olmuşam ki, görəsən, o sap bizə necə keçir, ayaqqabı necə tikilir. O maraqla da bu gün özüm pinəçiyəm. Hətta bir dəfə uşaq vaxtı qonşuluqda olan pinəçinin yanına getmişdim. Ondan bizi alıb baxmışdım ki, görüm ayaqqabı necə tikilir. Gəlib evdə nazik mismardan özümə biz düzəltmişdim. Mismarda dəlik açıb, sapı keçirtmişdim və evdə ayaqqabılarımın üzərində məşq keçirdim.
– Bəs sizin tələbəniz olubmu?
– Olub… Əslində bu, çox çətin sənətdir. Həvəsin olmasa işləyə bilməzsən. Cavanlardan gələn olub, “öyrənmək istəyirəm”- deyib. Mən də təmənnasız öyrətmişəm. Gedib, pinəçi işləyib və bu gün də işləyən var. Əksəriyyəti də cavan olub. İkinci sənət kimi öyrəniblər. Ancaq deyim ki, əvvəllər çox idi öyrənmək istəyən. İndi elə də yoxdu. Çünki bu, çətin işdir. Çox güman ki, bu sənətin davamçıları getdikcə azalacaq. Bilirsiniz niyə? Çünki mən və mənim kimilər zəhmət görmüşük deyə, zəhmətə dəyər verib zəhmətkeş olmuşuq. Ayaqqabı da belədir ki, ucuz da alsan cırılır, baha da… Bu sənətə də həmişə təlabat olub, olacaq da. Hamımız pul naminə işləyirik, ancaq yaxşı sənətkar olmaq çətindir.
– Neçə tələbəniz olub?
– 10-15 tələbəm olub. Onlardan əksəriyyəti qohum, dost-tanış idi. Onlar da əlavə sənət kimi öyrəniblər.
– İstərdinizmi övladlarınızdan hansısa sizin davamçınız olsun?
– Əlbəttə. Böyük oğlumun 15 yaşı var. Keçən il yay tətilində 3 ay özümlə gətirirdim ki, öyrədim. Ancaq gördüm ki, həvəsi yoxdu, öyrənmək istəmir. Oğlumu şirnikləndirmək üçün pul da verirdim ki, bəlkə pulla həvəs yaradım. Baxdım, məcbur edirəm, daha gətirmədim. Alınmadı (gülür). Mən ona demirdim ki, çəkməçi işləsin, sadəcə sənətdi də… öyrənsin. İstəyirdim ki, əlində sənəti olsun, nə vaxtsa lazımı olar. Necə ki, atasını bu yerə gətirib çıxaran pinəçilik sənəti oldu. Ancaq çox istəyərəm ki, peşə məktəbləri daha çox olsun, cavanlar sənətlə məşğul olsunlar. Olar bir əhvalat danışım?
– Əlbəttə…
– Demək, bir şah olur, bunun da bir oğlu varmış. Şah şahdır da, onun varı-dövləti həmişə olur. Şah oğluna deyir ki, gəl səni bir sənət öyrənməyə yönəldim. Oğlu da razılıq verir. Sən demə, şahın oğlunun da marağı daha çox xalça toxumağa imiş. Elə olur ki, o, bu marağı gerçəkləşdirir. Oğlanın da gözəl sevgilisi varmış, o qız da oğlanın xalçalara vurduğu naxışların hamısını əzbərdən bilirmiş. Oğlanın xalçaların üzərinə vurduğu hər naxışın öz sirri və belə desək, kodu var imiş. Bunu da yalnız oğlan özü və sevdiyi qız bilirmiş. Bir gün də belə olur ki, müharibə başlayır və şahın oğlu düşmənə əsir düşür. O, şah oğlu olduğunu da heç kimə demir. Orada kimin nə işlə məşğul olduğunu siyahıya alırlar. Oğlan da xalça toxumağı bacardığı deyir. Və orda toxuduğu xalçaya sevgilisinin bildiyi naxışları vurur. Həmin naxışlarda da adını, kimin oğlu olduğunu və hansı ölkəyə əsir düşdüyünü həkk edir. O xalça varlıların bazarında satışa çıxarılır. Elə olur ki, oğlanın sevgilisi atası ilə həmin bazarda olur və qız həmin xalçanı görən kimi naxışlarından tanıyır. Şaha xəbər göndərir ki, oğlun filan ölkədə əsirlikdədir. Şah da gedib oğlunu xilas edir. Bu əhvalatı ona görə nəql etdim ki, yəni sənətə həmişə ehtiyac var. Əgər şahın oğlu xalça toxumağı bilməsəydi, ömür boyu əsirlikdə qalacağdı. Demək, şah çox müdrik imiş.
– Bu illər ərzində tikdiyiniz ayaqqabıların say-hesabını bilirsiniz?
– Hesablamaq çətindir. Əvvəllər lap cavan olanda yaddaşım güclü idi: gündəlik neçə ayaqqabı təmir edirdimsə haqq-hesab edirdim. İndi yox, problem çoxaldıqca yaddaş da zəifləyir. Ay rəhmətliyin nəvəsi, dünən yediyim yadımda qalmır, qalmışdı ayaqqabıların say-hesabı qala… (əllərini bir-birinə sürtüb gülür).
Deyəsən, ustanın dediyi kimi doğrudan da ayağımız yüngüldür. Müştərilərin ardı-arası kəsilmir. Ustanın “çörəkpulu” na daha mane olmayıb, “işiniz irəli”,- deyib söhbəti yekunlaşdırırıq.
Gülnarə Eynullaqızı
Yeniçağ.az