“Bu günlərdə cəmiyyətdən özünütəcrid həm sizin, həm də sevdiklərinizin sağlamlığı üçün ən vacib məsələdir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus əleyhinə tətbiq olunan məhdudlaşdırıcı qaydalara riayət olunmasının vacibliyini önə çəkən millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, insanların koronavirus təhlükəsindən qorunması üçün özünütəcrid ən doğru üsuldur:
“Koronavirus infeksiyası hazırda bütün dünyanın mübarizə apardığı, hər gün çox sayda insanın ölümünə səbəb olan ümumbəşəri bir pandemiyadır. Bu xəstəlik görünməmiş sürətlə dünyaya yayılır, hətta inkişaf etmiş ölkələrdə belə bir-iki gün ərzində geniş əhatə dairəsinə çatır.
Dövlətimiz bu pandemiyanın ölkə ərazisində daha çox yayılmasının qarşısının alınması üçün bütün gücü ilə çalışır, müxtəlif tədbirlər həyata keçirir, insanları narahat edəcək məsələlərin həlli üçün müvafiq iş planları hazırlayır”.
Ölkə ərazisində xəstəliyin geniş vüsət almaması üçün Operativ Qərargahın qərarlarına ciddi əməl etməliyik. Diqqətli və məsuliyyətli olsaq, bu bəladan daha az itki ilə çıxa bilərik. Eyni zamanda, yaşlı insanlardan diqqət və qayğımızı əsirgəməməli, onlara gərəkən yardım və dəstəyi göstərməliyik. Çalışın, evdə qalın, evdən çıxmayın.
Bu günlərdə cəmiyyətdən özünütəcrid həm sizin, həm də sevdiklərinizin sağlamlığı üçün ən vacib məsələdir. İnşallah tezliklə bu günlər geridə qalacaq, bu bəladan üzüağ çıxacağıq.
Özünüzü qoruyun!”