“Meta”dan Rusiyanın media şəbəkələrinə qadağa – Qərar Ukrayna müharibəsindən sonra gəldi

Sosial media nəhəngi “Meta” RT və digər Rusiya dövlət media şəbəkələrini platformalarından qadağan etdiyini açıqlayıb. Bu addım Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra atılıb və qlobal miqyasda bir çox müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, şirkət bu addımın sözügedən media orqanlarının onlayn gizli təsir əməliyyatları keçirməkdə və aldadıcı taktikalardan istifadə etməkdə ittiham edilməsindən sonra atıldığını bildirib.

Bildirilir ki, bu qadağa “Meta”nın Rusiya dövlət mediasına qarşı atdığı ən sərt tədbirdir. Əvvəllər “Meta” yalnız bu media orqanlarının reklamlarını bloklamaq və onların əhatə dairəsini məhdudlaşdırmaq kimi daha məhdud addımlar atmışdı. Bununla belə, bu yeni tədbir RT və “Rossiya Seqodnya”nı, eləcə də digər müvafiq təşkilatları əhatə edir və qlobal miqyasda tətbiq olunacaq. “Meta”nın bu hərəkəti “Facebook”, “Instagram”, “WhatsApp” və “Threads” kimi platformalarda keçərli olacaq. Qadağanın yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir. Rusiya səfirliyi və Ağ Ev hələlik məsələyə münasibət bildirməyib.

“Meta”nın açıqlaması ABŞ-da RT-nin iki əməkdaşına qarşı çirkli pulların yuyulması ittihamlarından və 2024-cü il seçkilərinə təsir etmək üçün Amerika şirkəti ilə əməkdaşlıq planlarının elanından sonra verilib.

ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, ölkələr Rusiyanın dövlət televiziyası olan RT-nin fəaliyyətini və onun kəşfiyyat əməliyyatlarını gizlətmək cəhdlərinə qarşı daha çox tədbir görməlidir. RT isə ABŞ-ın bu hərəkətlərini yayımçının jurnalist fəaliyyətinin qarşısını almaq cəhdi kimi qiymətləndirib.

Nəsimi Ələsgərli

COP29