Metaləritmə sexinin rəhbərliyinə məcburi göstəriş verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə Binəqədi rayonu, 7-ci mikrorayon sakinləri tərəfindən yaxınlıqda yerləşən metaləritmə sexinin fəaliyyəti zamanı havaya tüstü və tozun yayılması ilə bağlı daxil olan məlumat şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

Bu barədə Yenicag.az-a ETSN-dən məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən metaləritmə sexində qaz-toztutucu qurğunun quraşdırılmadığı səbəbindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, tez bir zamanda qaz-toztutucu qurğunun quraşdırılması üçün sexin rəhbərliyinə məcburi göstəriş verilib.