Mətbuat azadlığını əngəlləyən İQTİSADİ ASILILIQ: “Bu sahədə istənilən səviyyəyə çatmaq üçün…” – ŞƏRH

“Jurnalist təşkilatlarının fəaliyyəti ölkədə güclü jurnalistlərin say çoxluğu şəraitində daha effektli olur”.

Azərbaycan mediasının iqtisadi dayanıqlığının təmin edilməsi zaman-zaman ölkə mətbuatının gündəmə gətirdiyi vacib məsələlər sırasındadır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafında da Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O, hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib.

1991-ci il oktyabrın 18-də qəbul edilən Müstəqillik Aktında və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələri əsasında qüvvəyə minən Konstitusiyamızda Azərbaycan Respublikası dünyəvi, demokratik, hüquqi dövlət kimi təsbit edilib. Konstitusiyada ölkə həyatının bütün sahələrinin, o cümlədən mətbuatın fəaliyyətinə yönəlik fundamental müddəalar öz əksini tapıb. Əsas Qanunumuzun “Məlumat azadlığının təsbit olunması”nı ehtiva edən 50-ci maddəsi 1992-ci ildə qəbul edilən “KİV haqqında” Qanunun praktikliyini əhəmiyyətli dərəcədə gücləndirdi.

1998-ci il avqustun 6-da mərhum prezident Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərman Azərbaycanda sovet dövründən mövcud olan və müstəqilliyin ilk illərində də qüvvədə qalan bir sistemin kökündən dəyişdirilməsi demək idi. Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna edilmiş dəyişiklikləri təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. Eyni zamanda, “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu.

Bu gün isə əminliklə demək olar ki, mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə gün-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm rol oynayırlar.

Müstəqillik dövründə ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsipləri sırasında olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində mühüm addımlar atılıb, bu zamana qədər kütləvi informasiya vasitələrinin inkişafı üçün vacib tədbirlər görülüb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanı bu çərçivədə xüsusi önəm kəsb edir.

MEDİA-nın Nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini, infrastrukturun modernləşdirilməsini, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir. Eyni zamanda, yeni yaradılmış qurumun Nizamnaməsində dövlətin informasiya siyasətinə dair məsələlər də təsbit olunub.

Medianın mövcud maddi vəziyyəti ilə bağlı Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədli öz fikirlərini Yenicag.az-la bölüşüb.

O, bildirib ki, mətbuatın inkişafı üçün lazımi addımlar atılsa da, iqtisadi asılılığın aradan qaldırılmasına hədəflənmiş proqramların icrasına ehtiyac var:

“Əslində, 44 günlük müharibə ilə həm də mətbuatın mövcud vəziyyətini dəyərləndirmək mümkün oldu. Ümumi şəkildə vəziyyətin sabit olduğunu söyləyə bilərik. Ümumiyyətlə, mətbuatın inkişafında media orqanları və jurnalist təşkilatları fəal iştirak etməlidirlər. Jurnalist təşkilatlarının fəaliyyəti ölkədə güclü jurnalistlərin say çoxluğu şəraitində daha effektli olur. Bu təşkilatlar jurnalistlərin peşəkarlığının artırılması və sahəvi qanunvericiliyin təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malikdirlər.

Təssüf ki, ölkəmizdə jurnalist təşkilatlarının sayı azdır. Yaxşı olar ki, jurnalist təşkilatları media üçün aktual layihələri davamlı olaraq həyata keçirsinlər. Həmçinin mətbuat azadlığının təminatında iqtisadi asılılıq aradan qaldırılmalıdır. Bazar münasibətləri inkişaf etdirilməli və monopoliyalara son qoyulmalıdır. Əlbəttə, bu gün medianın inkişafı üçün müəyyən addımlar atılır. Lakin istənilən səviyyəyə çatmaq üçün qarşıda görüləsi işlər çoxdur. Ümid edirəm ki, media sahəsindəki mövcud problemlər zamanla aradan qaldırılacaq”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.