Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “AR&KO” MMC ilə “Badu Kubə” şirkəti arasında uzun illərdən bəri davam edən narazılıqla bağlı mətbuat konfransı keçirilib.
Yenicag.az xəbər verir ki, mətbuat konfransında “AR&KO” MMC-nin direktoru, iş xanımı Rahilə Əsədullazadə, onun həyat yoldaşı Asif Əsədullazadə və şikayətçi Əmişov Sübhan üzləşdikləri problemlərdən danışıblar.
Qısa arayış olaraq bildirək ki, “AR&KO” MMC ilə “Badu Kubə” MTK arasında torpaq və tikinti üstündə başlayan bu qalmaqalın tarixi 2005-ci ildən başlayır. “AR&KO” MMC-nin sahibi Rəhilə Əsədullazadə bina tikintisi üçün qanuni icazə alsa da, bir müddət sonra tək bu işi başa vura bilməyəcəyini görüb “Badu Kubə” MTK ilə müqavilə bağlayır. Müqaviləyə görə, “Badu Kubə” MTK evi tikməli, bunun qarşılığında Asif Əsədullazadəyə həm 8.000 kvadrat metr mənzil, həm də qeyri-yaşayış yeri verməli idi.
2007-2008-ci ilə qədər işlər yolunda gedərkən, Ədalət Qəmbərov adlı bir adam “Badu Kubə” MTK-ya sədr keçir və anlaşılmazlıq da buradan başlayır. O zamandan davam edən narazılıq əvvəlcə xırda mübahisələrə, zamanla isə düşmənçiliyə çevrilir. Dünya malı münasibətləri o həddə gətirir ki, iş adamı Asif Əsədullazadənin oğlu üzərinə gələn insanlarla silah dilində danışır və nəticədə Ədalət Qəmbərovun adamlarından biri dünyasını dəyişir. Türkel həbs və məhkum olunur.
Əvvəlcə çıxış edən Rəhilə Əsədullzadə “Badu Kubə”nin sədri Ədalət Qənbərovun qanunsuz əməllərindən söz açıb. O, Qənbərovun əməllərini sadalayaraq, sonda Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadan imdad diləyib:
“Mən faktlarla danışmaq istəyirəm. 2005-ci ildə bizim “Badu Kubə” MTK ilə podrat müqaviləmiz olub. O müqaviləyə əsasən, orada olan əmlakımızın müqabilində “Badu Kubə” MTK şirkətimizə 8000 kv yaşayış və qeyri-yaşayış sahəsi verməli idi. 2007-ci ildə bizə cədvəl şəkilində mənzillər verilmişdi. Biz də üzərimizə düşən 31 mənzili satmışdıq. Lakin 2007-ci ildə Ədalət Qənbərov sədr seçiləndən sonra problemlər başladı. Mən mütəmadi olaraq cənab prezidentimiz İlham Əliyevin çıxışlarını izləyirəm. Dövlət başçımız hər dəfə çıxışnda bildirir ki, hansısa məmurlar hansısa iş adamlarının arxasında dayanıb saxtakarlıq edirsə, onlar cəzalandırılacaq. Ədalət Qənbərov gələndən sonra müqaviləni birdəfəlik ləğv edib. Bəs, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi Elxan Əbdürrəhimov da bilmirdi ki, müqaviləyə iki tərəfin razılığı və yaxud da məhkəmə qərarı əsasında ləğv edilir? Mən ona müqaviləni göstərəndə üstümə atdı. Bu səbəbdən guya 31 mənzili dələduzluq yolu ilə satmışıq iddiası ilə həyat yoldaşım Asif Əsədullazadəyə dələduz damğası vurularaq ilyarım müddətində həbs edildi. Bu, mülki iş olduğu halda yoldaşım həbs olundu. Mən Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın qəbulunda olandan sonra məhkəmədə zəfər çaldım. Xeyrimizə qərar çıxarıldı ki, şirkətimizə 5000 kv. metr yaşayış və qeyri-yaşayış sahəsi verilməlidir. Həyat yoldaşım da, 1 il 6 ay yatdıqdan sonra bəraət aldı. Maraqlıdır ki, başımıza gətirilən faciələrin baiskarı barədə heç bir tədbir görülmür.
Ədalət Qənbərovun satdığı mənzillər kassa mədaxil çeki olmadığı üçün qanunsuzdur. 4 ildir orada yaşayan, 2 uşağı dünyaya gələn, evi təmir edən, Ədalət Qənbərova işıq, su çəkdirmək üçün 1200 manat pul ödəyən ailəni evdən çıxarıblar. İndi köhnə tarixə yazdığı sənədlə məhkəmə qərarı alıb. Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev cənabları bizi, Ədalət Qənbərov və sakinlərlə birlikdə qəbul etdi. Əliyev mənə dedi ki, gəlin humanistlik edin, 26 mənzili qaytarın vətəndaşlara verək. Ədalət Qənbərov sizinlə müqavilə bağlasın, mansar tikib yerdə qalan kvadratlarınızı versin. Müqavilə də əlimdədir. Mən də 26 əvəzinə, 28 mənzil qaytardım. Qaytardığım məznillərdən 70 və 152 saylı mənzilləri köhnə tarixlə öz vəkilinə satdı. Başa düşmədim, bu Ədalət Qənbərov dövlət içində dövlət yaradıb? Bizim dövlətimizdə bir kibrit çöpünü də mağazadan alanda çek verirlər. Bu isə heç bir çek vermir. İndi niyə həll olunmur bu məsələ? Ədalət Qənbərovun arxasında hansı məmur dayanıb? Bu günə qədər də Qənbərov saxta yolla mənzil satmaqda davam edir. Çox gülməli haldır ki, Ədalət Qənbərov həmişə özünü sığortalayır. Onun yerinə sədr əvəzi İntiqam qol çəkir. Sədr ola-ola niyə sədr əvəzi qol çəkir?
Ədalət Qənbərovun və qızının adına ticarət mərkəzləri var. Deməli, 2013-cü ildə bizim qətnaməmiz çıxıb, 2014-cü ilin oktyabrında heç yerdə işləməyən 22 yaşlı qızı üçün dəyəri 1 milyon manat olan ticarət mərkəzi yazır. Yenə kassa mədaxil çeki yoxdur. Niyə “Badu Kubə”yə kassa mədaxil çeki daxil olmur?
Burdan Azərbyacanın möhtərəm prezidenti İlham Əliyevə müraciət edirəm. Mən cənab prezidentimizə inanıram. İnanıram ki, bizim ailəmizin dağılmasına bais olan şəxslər cəzalarını alacaqlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva olmasaydı, mən bu məhkəmələri udmazdım. Bu gün borc içindəyəm. Yoldaşım günahsız ola-ola 920 min manat pul ödəmişəm. Vətəndaşların halına yanıram”.
Günahsız yerə həbs olunduğunu bildirən Asif Əsədullzadə isə bildirir ki, onların əmlakı saxta yollarla ələ keçirilib:
“Təxminən 6 ay öncə elə bu zalda mətbuat konfransı keçirmişdik. Prezident seçiklərindən sonra müəyyən məmurlara müraciətimizi etdik. İllərdən bəri həll olunmayan məsələlərimizi bəyan etdik. Çox əfsuslar olsun ki, heç bir dəyişiklik olmadı. Sadəcə, bir yenilik ondan ibarət oldu ki, ilyarım günahsız həbsdə yatdığım, borclu olmadığım halda 860 min manat ödədiyim barədə Nəsimi Rayon Məhkəməsinə təzminatla, eyni zamanda məni günahsız həbs edənlərlə bağlı tədbirlər görülməsi üçün müraciət etim. Sağ olsun, Nəsimi Rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov bu qədər əziyyətimi cəmi 2500 manat məbləğində qiymətləndirərək qərar çıxardı. İndiyədək əmlakımızı saxta yolla ələ keçirənləri tanıya-tanıya 1 Saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Tahirə Əsədova iddianı rədd etdi. Bundan sonra eyni iddia üzrə 2 il öncə bizim cəmiyyətin xeyirinə, bu il isə qarşı tərəfin xeyrinə qərar çıxaran Etibar Mustafayevdən, daha sonra mədaxil qəbzləri olmayan, arxa tarixlə yazılan saxta sənədləri dəstəkləyərək “Badu Kubə”nin xeyrinə hər dəfə qərar çıxaran Suraxanı Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovadan və ən nahayət ondan geri qalmayan Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdənovadan fərqli olaraq, Pərviz Hüseynov sağ olsun ki, bizim lehimizə qərar çıxardı. 2500 manat bir məbləğ olmasa da, bu bir daha sübut etdi ki, biz günahsızıq və mən boş yerə ilyarım həbsdə qalmışam. Bütün bu işləri bizim başımıza gətirən o vaxtkı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi, indi isə Xaçmazın prokuroru olan Elxan Əbdürrəhimov qeyri-obyektiv istintaq apardı.
Bu gün bizi ən çox narahat edən məsələ ondan ibarətdir ki, əmlakımın özümə qaytarılması ilə bağlı qərar çıxarılsa da, bu, icra olunmur. Nəyə görə onu bu qədər dəstəkləyirlər? Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət edirəm, iş adamaı olaraq bizi incidirlər. Xaçmaz Rayon prokuroru Elxan Əbdürrəhimov həyatımın faciəsidir. O, mənim, oğlumun həyatını məhv edib. Sizdən xahiş edirəm ki, müavfiq tədbirlər görülməsi üçün göstəriş verəsiniz.
Biz nə qədər əzab çəkməliyik? Bu icranın vaxtı nə qədər çəkər axı? 4 ildir ki, qətnamələr icra olunmur. Mən bununla bağlı dəfələrlə Ədliyyə Nazirliyində cənab Nürəddin Mustafayevin yanında olmuşam. Bundan başqa nazirin birinci müavini cənab Vilayət Zahirovun yanında oldum. Onlar öz göstəriləşrini verdilər. Suraxanı icrası da öz göstərişlərini verir. Lakin bu işə mane olanlar var. Bu şəxslər də birbaşa “Badu Kubə”nin sabiq sədri Ədalət Qənbərov və onun adamlarıdır. Gah icra məmurlarını incidirlər, gah lazım olan sənədləri vermirlər, gah aylarla məzuniyyətdə olurlar, gah da saxta sənədlər təqdim edirlər.
Bu gün bizə verilən 5000 kv metr mənzillərin olmadığını, guya satılması barədə müqavilələr təqdim etsələr də, hazırda həmin binada xeyrli mənzil var. Mənzil niyə yoxdur? Satmısansa, pulu ver. Pulu verə bilmirsənsə, mənzili geri qaytar”.
Ədalət Qənbərov tərəfindən saxtakarlığın qurbanı olduğunu bildirən bina sakini Sübhan Əmişov isə bildirir ki, onun qanunsuz əməllərinə dur deyən olmasa, xoşagəlməz hadisələr yaşanacaq:
“İl yarım bundan əvvəl sakinləri yığdılar, adambaşı 2100 manat pul istədi ki, binanın çatışmayan problemlərini həll edəcəyik. İndi də bizim binadakı işıq qanunsuz yolla çəkiləndir. Hər şey yarımçıq qalıb. Mən də 1500 manat verdim. Bunun müqabilində cəmi kanalizasiya problemini həll etdilər. Adam var pul verib, nə işığı var, nə də suyu. Oğlum ölkə xaricində Azərbaycanın bayrağını dalğalandırıb. Evimi götürüb başqasının adına yazdılar. Bu iki şəxs eyni mənzilləri başqa-başqa adamlara satırlar. Binada hər şey qanunsuzdur. Ödədiyimiz pulun qarşısında bizə heç bir çek verilmədi. Suraxanı Rayon Prokurorluğuna şikayət etsəm də, buna məhəl qoyulmadı. Orda yenə xoşagəlməz hadisələr yaşanacaq. Bu qanunsuzluqlara “dur” deyən olmalıdır.