Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimovun (Kərimov Əyyub Zakir oğlu) faciəli şəkildə dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.
Yenicag.az xəbər verir ki, başsağlığında onun vaxtsız vəfatının dərin üzüntü və sarsıntı olduğu bildirilir.
“Ə.Kərimov Azərbaycan Mətbuat Şurasının qurucularından olub. Şuranın formalaşmasına, qurumun fəaliyyət sənədlərinin hazırlanmasına böyük əmək sərf edib. Mərhum qurumun İdarə Heyətində təmsil olunub, həmçinin hüquq komissiyasının rəhbəri kimi təşkilati işlərdə özünün fəallığı ilə seçilib.
Ə.Kərimov peşəkar hüquqşünas idi. O, hüququ və jurnalistikanı daim vəhdətdə saxlamağı, hər iki peşənin xüsusiyyətlərindəki ictimai motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə çevirməyi bacarırdı. İdeya və baxışlarını 1992-ci ildə yaratdığı “Femida” qəzetində gerçəkləşdirməklə bu vəzifənin icrasında təkrarsız və bənzərsiz nümunə ortaya qoyurdu”, – deyə başsağlığında bildirilir.
Qeyd edilir ki, əməksevərliyi, prinsipiallığı, hadisə və proseslərə məxsusi baxışı ilə həmkarlarının hörmətini qazanmış Ə.Kərimovun yoxluğu ilə barışmaq son dərəcə çətindir: “Allahdan mərhum həmkarımızın doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”