Mətbuat Şurası gələn şikayətlər dəyərləndirdi – FOTO

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Mətbuat Şurasından Yenicag.az-a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Milli Məclisin deputatı Elmira Axundovanın “criminal.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri bildiriblər ki, Mətbuat Şurası KİV-də yayımlanmış materiallar üzrə şikayətləri, eyni məsələnin məhkəmə müstəvisinə çıxmasına qədər olan mərhələdə qəbul edir. Hazırda şikayət doğuran məsələ məhkəmə araşdırması mərhələsində olduğu üçün baxılmamış saxlanılır.

İsmayıllı rayon sakini Ürbabə Mahmudovanın “a news.az” xəbər portalına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, sayt əməkdaşları şikayət doğuran materialı hazırlayarkən, geniş araşdırma aparıb, tənqidi ruhlu məqaləni sənədlərlə isbatlamağa çalışıblar. Bununla yanaşı, materialda adları epizodik olaraq keçən şəxslər də var ki, onlar əsas hədəf, tənqid obyekti deyillər. Məqalədən şikayət verən Ürbabə Mahmudova da orada adı epizodik keçən şəxslərdən biridir. Komissiya üzvləri yaranmış anlaşmazlığın aradan qaldırılması üçün tövsiyə ediblər ki, xəbər portalı Mahmudovaya izahedici fikirlərini yayımlamaq üçün şərait yaratsın.

Bakı şəhəri Suraxanı rayonu 275 saylı orta məktəbin bir qrup əməkdaşının “deryaz.az” saytına qarşı şikayətini araşdırarkən müəyyən edilib ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Eyni zamanda, Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin də mövqeyini öyrənib. Şikayətçilərə və sayt təmsilçilərinə dərc olunmuş materialdan kənar mübahisələrini hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq aydınlaşdırsınlar.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “tehsil-press.az” saytına qarşı şikayəti saytın təkzib verməsi səbəbindən gündəlikdən çıxarılıb.

İclasda “Best-beef” kolbasa sexinin sahibkarı Malik Tahirovun “heqiqet.az” saytına qarşı şikayəti də müzakirə edilib. Müəyyən olunub ki, şikayət doğuran materialda AJPDQ-nin prinsipləri pozulub. Sayt əməkdaşları yol verdikləri qüsurlara haqq qazandıracaq ifadələr təqdim etməyiblər. Məsələ geniş araşdırılmaq üçün MŞ-nin “Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib.

AMEA-nın elmi işçilərinin “qaynarinfo.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Həmçinin Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin mövqeyini öyrənib. Həmçinin şikayətçilərin narahatlığını nəzərə alaraq, təkzib xarakterli materiallar da yayıblayıb. Şikayətçilər isə bildiriblər ki, təkzib materialı yayılarkən, bəzi bəndlər ixtisar edilib, məzmuna xələl gəlib. Komissiya sayta tövsiyə edib ki, təqdim edilmiş təkzib materialını qarşı tərəflə razılaşdırılmış formada yenidən yayımlasın.

COP29