Mətbuat Şurası lokal antiterror tədbirləri ilə bağlı jurnalistlərə müraciət edib.
Yenicag.az həmin müraciəti təqdim edir:
Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə başlanılmış lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzindədir. Jurnalistlərimiz bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirlər.
Ancaq müxtəlif sosial şəbəkə profillərində anti-terror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər yayılmaqda, fikirlər səslənməkdədir. Belə hallar əvvəllər, xüsusən 44 günlük Vətən müharibəsi zamanı da müşahidə edilib. Eyni zamanda, qeyri-rəsmi məzmun daşıyan, bəzən məqsədli şəkildə dövriyyəyə buraxılmış görüntülərin ayrı-ayrı media orqanlarında xəbər kimi təqdimatı, süni ajiotaj yaratmaq meyilləri nəzərə çarpıb.
Azərbaycan Mətbuat Şurası olaraq ölkəmizin media subyektlərini, cəmiyyətə informasiya vermək öhdəliyini öz üzərinə götürmüş ayrı-ayrı şəxsləri, müstəqil jurnalistləri mövcud şəraitin həssaslığını nəzərə almağa çağırırıq. İndiki halda jurnalistika prinsiplərinə ən böyük sadiqlik qeyd edilən video-görüntüləri, eləcə də rəsmi təsdiqini tapmamış bilgiləri yaymamaq və paylaşmamaqdır. Nəzərə alınmalıdır ki, belə halların cəmiyyətdə çaşqınlıq yaratmaq ehtimalı böyükdür.