Bu gün Azərbaycan Mətbuat Şurasında Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin qazilərinin bir qrupu ilə görüş keçirilib.
Şuradan Yenicag.az-a bildirilib ki, 8 noyabr Zəfər Gününə həsr olunmuş görüşdə MŞ sədri Rəşad Məcid, Şuranın İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadə, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri, veteran jurnalist Rey Kərimoğlu və qurumun əməkdaşları iştirak ediblər. Toplantıda torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canından keçmiş Vətən övladlarının, şəhid jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə MŞ sədri Rəşad Məcid iştirakçıları Vətən müharibəsindəki qələbənin ikinci ildönümü münasibətilə təbrik edib. O, rəhbəri olduğu qurumun missiyası barədə məlumat verib, gördüyü işlərdən söz açıb. R.Məcid bildirib ki, 2022-ci ilin 24 sentyabr tarixində keçirilmiş Azərbaycan jurnalistlərinin VIII qurultayında Qarabağ müharibəsi iştirakçısı olmuş Bəhruz Məmmədzadə də Şuranın İdarə Heyətinə seçildi. MŞ sədri jurnalistlərin bu seçiminin qazilərlə bağlı məsələlərin media müstəvisində daha səmərəli işıqlandırılması, onların örnək döyüş yolunun cəmiyyətə daha yaxından çatdırılması baxımından faydalı nəticələr verəcəyinə inandığını dilə gətirib.
MŞ İdarə Heyətinin üzvü B.Məmmədzadə, həmçinin NTK-nın sədri R. Kərimoğlu çıxışlarında Vətən uğrunda canından keçmiş övladlarımızın, sağlamlığını itirmiş qazilərimizin, ümumən ömür yolu cəbhədən, səngərdən keçmiş hər bir şəxsin əməyinin ən xoş və qürur dolu sözlərə layiq olduğunu vurğulayıblar.
Görüşdə iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin qazilərinə Azərbaycan Mətbuat Şurasının təşəkkürnamələri təqdim edilib. Çıxış edən XTQ qaziləri onlara verilən dəyərə görə təşəkkürlərini bildirib, hər an Vətənin çağırışına hazır olduqlarını vurğulayıblar.