Mətbuatda “ÖLÜ MÖVSÜM”: “Bu mövzular gündəmi zəbt edir” – Yay tətili SİNDROMU

“Yayda başqa peşələrdə olan kimi jurnalistlərin də psixoloji durumu dəyişir, işləmək həvəsi itir, hətta üzdə görünən mövzular da diqqətdən kənarda qalır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yay mövsümündə jurnalistlərin xəbər qıtlığı və mövzu tapmaq çətinliyi haqda danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Ekspert yay mövsümündə xəbər qıtlığının adi hal olduğunu vurğulayıb:

“Adətən yay ayları mətbuatda “ölü mövsüm” adlanır. Xəbər sayı azalır, məlumatı əldə etmək çətinləşir. Adi günlərdə onlarla tədbirə dəvət alan jurnalist yayda heç bir yerə çağırılmır. Sanki həyat donur. Təbii olaraq, media “xəbəri necə əldə edək” problemi ilə üzləşir. Mövsümü mövzularla işləmək lazım gəlir. Çimərlik, dondurma, qida zəhərlənməsi, zibilin pis qoxu yaratması kimi məsələlər gündəmi zəbt edir. Turizm sektorunda yaranan fəallıq da medianın diqqətindən kənarda qalmır, amma hər halda bir qədər “çeynənmiş” xəbərlərə maraq olmur”.

Jurnalist qeyd edib ki, media daha az qüvvə ilə çalışmalı olduğundan xəbər də azalır:

“Yayda insanı istirahət etmək, qızmar günəşdən qorunmaq, sərinlik tapmaq düşündürür. Yayda ən görünən problem ildə soyuducunun təmiri, kondisionerin yuyulmasıdır. Xəbər izləməyə fiziki imkan olmur. Məzuniyyətə çıxan jurnalistlərin yeri xəbər lentində açıq-aydın bilinir. Media daha az qüvvə ilə çalışmalı olduğundan xəbər də azalır. Həm də yayda başqa peşələrdə olduğu kimi, jurnalistlərin də psixoloji durumu dəyişir. İşləmək həvəsi itir, hətta üzdə görünən mövzular da diqqətdən kənarda qalır. Hələ uşaqlıq dövründən beyinlərə həkk olunan “yay tətili” sindromu öz sözünü deyir. “Tətildə işləmək yox, istirahət etmək gərəkdir. Yayın bitməsinə nə qalıb, sabah biri gün payız qış gələcək” düşüncəsi bir çoxunu işdən yayındırır”.

İsmayıl Bakuvi

COP29