Metro stansiyalarının ətrafında reyd – Avtobus sürücüləri cərimələndi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb.

BNA-dan Yenicag.az-a verilən məlumata görə, bu məqsədlə, metronun Nəriman Nərimanov və Gənclik stansiyalarının ətrafında reyd keçirilib. Reyd zamanı dayanma və ya durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində saxlayan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin müvafiq olaraq 1 və 2-ci bəndinə əsasən cərimə sanksiyaları tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin 3-cü bəndinə əsasən cərimə edilib.

BNA bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.

Agentlik bildirir ki, sürücülərin dayanma-durma qaydalarına əməl etməsi üçün inzibati tənbeh tədbirləri ilə yanaşı maarifləndirmə işləri də aparılmaqdadır.