İsti yay günlərinin olduğu bir vaxtda paytaxt sakinlərinin ictimai nəqliyyatdan, xüsusən metrodan mütəmadi olaraq istifadə etməsi normal haldır. Lakin bəzi hallarda metropolitendə baş verən narahatlıqlar sərnişinlərin haqlı iradına səbəb olur. Bu hallardan da biri metropolitendən istifadə zamanı içəridə yaranan buxanaq və temperaturun yüksəlməsiylə bağlıdır.
Sərnişinlərin iddiasına görə, qatar hərəkətdə olan zaman ən azı 2 stansiya boyunca vaqonların kondisioner sistemi demək olar ki, işlək vəziyyətdə olmayıb. Buna görə də vaqonda temperatur yüksəlir və bu zaman nəfəs darlığı halları yaşanır. Bu səbəbdən də sərnişinlər qatarda olarkən yüksək temperatur, bir anlıq da olsa, hava çatışmalığı kimi hallarla qarşılaşırlar.
Yenicag.az olaraq gələn iradlarla bağlı fikir almaq üçün “Bakı Metropoliteni QSC”nin Mətbuat Xidmətiylə əlaqə saxladıq. Xidmətin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bu cür münasibət bildirdi:
“Ümumiyyətlə, havaların isti keçməsini nəzərə alaraq Bakı Metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Yeni nəsil qatarlarda kondisoner sistemi Bakının iqlim xüsusiyyətinə uyğun olaraq tənzimlənib və ən güclü sistemlərdən biridir.
Qeyd etmək lazımdır ki, qatar hərəkətdə olan zaman nəfəsliklərin açıq olması içəridə kondisonerin iş prinsipinə əngəl yarada bilir. Buna görə də içəridə temperaturun tənzimlənməsi zəif alınır. Həmin hal çox zaman sərnişinlər tərəfindən nəfəsliklərin açıq saxlanması səbəbiylə bağlıdır. Bəzi hallarda da vaqonda fəaliyyətdə olan blokların iş prinsipində qapanmalar yaşana bilir. Qatar son stansiyaya çatdıqda isə əməkdaşlar tərəfindən hər dəfə yoxlama həyata keçirilir və lazımi tədbirlər görülür”.
Yusif Səmədzadə