Meydanın SON GÜNÜ: “Əməliyyat təqribən səhər saat 4-də başladı və…” – Ənvər Əliyev 34 il əvvəli xatırlayır

“Fakt budur ki, 19 gün davam etmiş mitinqlər millətimizin bütövləşməsinə misilsiz təkan verdi”.

Bu fikirləri 1988-ci il noyabrın 17-də başlayan və dekabrın 5-nə qədər davam edən, tarixə Meydan Hərəkatı kimi düşən fasiləsiz mitinqlərin sonuncu günündə baş verənləri xatırlayan həmin aksiyanın təşkilatçılarından biri olan Ənvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Meydan sovet milisi və ordu bölmələrinin zorakılığı ilə dağıdılsa da, o mitinqlər millətin bütövləşməsinə misilsiz təkan verdi:

“Həqiqətən, Meydan Hərəkatı Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. Moskvadan himayə olunan ermənilərin Qarabağ iddialarına son qoyulması, onların yerində oturdulması tələbi ilə başlayan fasiləsiz mitinqlər tədricən xarakterini dəyişərək milli-azadlıq hərəkatına çevrildi.

Yada salım ki, biz noyabrın 17-də Meydana daxil olmaq üçün 6 milis kordonunu yarmalı olduq. Yəni mitinqin qarşısını almağa cəhd göstərsələr də, bunu bacarmadılar. O gün başlayan mitinq 19 gün – dekabrın 5-nə qədər davam etdi.

Artıq noyabrda Bakıda xüsusi vəziyyət elan olunmuşdu və vəziyyət son dərəcə gərgin idi. Belə bir şəraitdə təkliflər vardı ki, biz mitinqləri dayandıraq və Meydanı millət olaraq qalib kimi tərk edək. Ancaq fərqli mövqelər də olduğu üçün mitinqlər davam etdirildi.

Dekabrın 4-də, təqribən səhər saat 4-də sovet milisi və ordu bölmələri mühasirəyə aldıqları Meydanda hərəkətə keçdilər. Bir müddət davam edən sıxışdırma cəhdlərindən və buna yönəlik müqavimətdən sonra Meydan boşaldıldı.

Bu gün Meydan Hərəkatına müxtəlif qiymətlər verilə bilər. Ancaq fakt budur ki, 19 gün davam etmiş mitinqlər millətimizin bütövləşməsinə misilsiz təkan verdi. Biz Meydana fərd və ya dəstələrlə gəlsək də, oranı millət kimi tərk etdik.

Mitinqlərin davam etdiyi günlərdə Bakıda cinayətkarlığın səviyyəsi də minimuma enmişdi. Bəziləri obyektivlik hissini itirərək, Meydan Hərəkatının başlamasını o vaxtkı hökumətlə əlaqələndirməyə çalışırlar. Bu iddiaların heç bir əsası yoxdur. Hərəkat millətin iradəsi ilə başlamışdı.

Ən əsası, Azərbaycanın adını və səsini bütün dünyaya çatdırdıq. Bu mübarizliyinə görə ABŞ-nın nüfuzlu jurnalı bizi “İlin xalqı” elan etdi. Çində 1989-cu ilin aprelindən iyununa qədər davam etmiş kütləvi aksiyalarda da bizim Meydan Hərəkatının təcrübəsindən istifadə edilmişdi.

Bu tarixin dəyərini, əhəmiyyətini bilməliyik. O günlərdə yaranan milli həmrəyliyi, ayrı-ayrı insanların fədakarlığını xatırlayanda kövrəlməmək və qürur duymamaq olmur”.

A.Zeynalov