Məzahir Pənahovun “Facebook” problemi: “MSK sədri demək istəyir ki…”

“Sosial şəbəkələrdən fərqli olaraq, KİV-də seçki qanunvericiliyinin pozulması hallarına qarşı tədbir görmək mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

Prezident İlham Əliyevin aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin etməsindən sonra ölkənin gündəmi kəskin dəyişib. Seçki məsələsi siyasi dairələrin, medianın və əlbəttə ki sosial şəbəkələrin əsas mövzusuna çevrilib.

Bu sırada seçkilərin təşkil olunmasına məsuliyyət daşıyan MSK-nın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ölkənin ali seçki qurumu da artıq operativ fəaliyyət rejiminə keçib və seçkilərin təşkilinə yönəlik vəzifələrin icrasına başlayıb.

Lakin görünür, bəzi məqamlar sözügedən qurumu indidən narahat etməkdədir və nəzərdə tutulan halların aradan qaldırılması üçün hərəkətə keçilib. Konkret desək, MSK sədri Məzahir Pənahovun qurumun son iclasında sosial şəbəkələrdə “Seçki Məcəlləsinə zidd qaydada təşviqat aparılması”ndan narahatlığını bildirib. O, bu halların qarşısının alınması üçün təkliflər hazırlanacağını bəyan edərək, ictimai müzakirələr üçün əlavə mövzu verib:

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə, MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər”.

Pənahovun “sosial şəbəkələrlə bağlı tədbir görmək çağırışı” cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu məsələyə dair vüsət alan diskussiyalarda anonsu verilən təkliflərin nədən ibarət olmasına dair çoxsaylı ehtimallar irəli sürülür. Aparılan bu müzakirələrdə isə hətta seçki dönəmində sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılacağı haqda bədbin ehtimallar da irəli sürülür.

Ancaq bu məsələ barəsində Yenicag.az-a açıqlama verən MSK katibi Mikayıl Rəhimov narahatlığa əsas olmadığını bildirib. Rəhimovun sözlərinə görə, MSK sədrinin məlum fikirləri səsləndirməsində əsas məqsəd Seçki Məcəlləsinin tələblərinə əməl olunmasıdır:

“Bəli, MSK sədri seçki dövründə sosial şəbəkələrin fəaliyyəti ilə bağlı fikir bildirdi və bu istiqamətdə təkliflər hazırlanacağını qeyd etdi. Ancaq o təkliflərin nədən ibarət olacağını bilmək üçün gözləmək lazımdır.

Burada söhbət ondan gedir ki, MSK Seçki Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edən, buna görə məsuliyyət daşıyan orqandır.

Seçki Məcəlləsində konkret göstərilib ki, təşviqat dövrü başlamadan kütləvi informasiya vasitələrində bu və digər namizədin nə lehinə, nə də əleyhinə təbliğat aparmaq olmaz. MSK-nın bu məsələlərə nəzarət edən xüsusi İşçi Qrupu var.

Yəni MSK sədrinin demək istədiyi odur ki, yaxşı, KİV-in bu sahədəki fəaliyyətinə nəzarət etmək mümkündür, bəs sosial şəbəkələrdə o qaydaların pozulmaması üçün nə etmək olar? Bu məsələnin tənzimlənməsi üçün MSK-nın müraciəti hazırlanaraq yayılacaq.

Hörmətli sosial şəbəkə istifadəçilərinə və blogerlərə demək istəyirik ki, əziz vətəndaşlar, Seçki Məcəlləsi təşviqat kampaniyası rəsmən başlamadan hər hansı təbliğat aparmaq olmaz, gəlin, buna əməl edək. Nəzərdə tutulan müraciət bu istiqamətdə ola bilər.

Əsas məqsəd Milli Məclisin qəbul etdiyi Seçki Məcəlləsinin tələblərinə riayət olunmasıdır. Yoxsa, başqa niyyət yoxdur. Bilirsiz ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 2 milyondan çoxdur.

Onların fəaliyyətinə necə nəzarət etmək olar? Bir daha deyirəm, KİV-də seçki qanunvericiliyinin pozulması hallarına qarşı tədbir görmək mümkün olsa da, sosial şəbəkələr haqqında bunu demək olmur. Hər halda, sosial şəbəkələrlə bağlı təkliflərin açıqlanmasından sonra bu məsələyə də aydınlıq gələcək”.

A. Zeynalov