Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur. Bu barədə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva əmr imzalayıb.
Təhsil İdarəsindən Yenicag.az-a bildiriblər ki, BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1062 nəfər fərqlənmə attestatı ilə bitirib.
Təhsil müəssisələrində məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə müvafiq tədbirlər keçirilir. Bu kimi tədbirlərin təşkil olunmasının əsas məqsədi daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, onların təhsilə və məktəbə marağını daha da artırmaqdan ibarətdir.
Tədbirlərdə təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və fərqlənən məzunlar iştirak edirlər.
Fərqlənmə attestatına layiq görülən məzunlara ünvanlanmış təbriklərdə onlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmaq arzulanıb.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.