“Microsoft” şirkəti 1994-cü ildən etibarən ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, yeni klaviaturalarda “Office” proqramları paketinin sürətli çağırışı üçün ayrılmış klaviş var, digər klaviş isə emodzilərin yerləşdirilməsi üçün nəzərdə tutulub.
Sözügedən yeni klavişlər ilk olaraq “Microsoft Ergonomic Keyboard”a və nazik “Bluetooth Keyboard”a (“Bluetooth 5.0” simsiz moduluna malikdir) əlavə edilib. ABŞ-da yeni klaviaturlar oktyabrın 15-dək müvafiq olaraq 59,99 və 49,99 dollar qiymətinə satışa çıxarılacaq.
“Ofis” proqramları üçün ayrılmış klaviş adətən klaviaturanın sağ hissəsində yerləşən köməkçi “Win” klavişini əvəz edir. Office + W klavişlərinin kombinasiyası “Word”, “Office + X” isə “Excel” proqramını işə salır. Üzərində təbəssüm təsviri olan klaviş isə “Windows 10” sistemində emodzi seçimi üçün siyahı açır.
“Microsoft” korporasiyası 25 il ərzində (1994-cü ildə “Microsoft Natural” klaviaturasının çıxışı anından) klaviaturada standart düzülüşü dəyişdirməyib.