Bakıda vətəndaşlara sosial evlərin verilməsində köməklik edəcəyi ilə bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Xəyalə Əliyeva və Arzu Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş şəxs Anar Rzayev bildirib ki, təqsirləndirilən şəxslərdən Xəyalə Əliyevanı tanıyıb və ona 10 min manat zərər dəyib:
“Mən MİDA-dan ev almaq istəyirdim, lakin yaşım 35-i keçdiyindən mənə düşmədi. Sonra eşitdim ki, müəyyən yollarla adı siyahıya saldırmaq mümkündür. Xəyalə mənə dedi ki, bu işdə sənə kömək edə bilərəm. Lakin buna görə 10 min manat verməlisən. Mən ona 10 min, daha sonra 5 min manat da verdim. Bir müddət keçdi, nə evdən xəbər çıxdı, nə də Xəyalədən. Hər dəfə bununla bağlı məlumat almaq istəyəndə müxtəlif bəhanələrlə məni başından edirdi. Mənə dəymiş ziyan hələ də qaytarılmayıb, Xəyalədən şikayətçiyəm”.
Digər şahid Günel Mirzəyeva isə Xəyalə Əliyevanın ona 9 min manat dələduzluq etdiyini bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.
Xatırladaq ki, cinayət işi üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb. Hər təqsirləndirilən qadına qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.