Mikayıl Cabbarov qeyri-neft sektorunda artım tempi yüksək olan sahələri açıqladı

Bu ilin 10 ayı ərzində Azərbaycan iqtisadiyyatı 5.2 faiz, qeyri-neft-qaz sektoru isə 9.7 faiz artıb.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 16-da Milli Məclisdə 2023-cü il dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda nəqliyyat, turizm, tikinti, kommunikasiya sahələri yüksək artım tempi göstərib.

“Ölkədə sənaye zonalarının fəaliyyəti qeyri-neft-qaz sektorunda artıma böyük təsir göstərib. Hesabat dövründə sənaye zonalarının istehsalı 55 faizdən çox artıb”, – M.Cabbarov vurğulayıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.