Millət Vəkili: “Bu imkandan sərfəli və faydalı şəkildə istifadə etməliyik”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov özünün Facebook səhifəsində Biləsuvarlılara ürək dolusu müraciət edib.

Həmin müraciəti təqdim edirik:

“Əziz dostlar, Əvvəlcə onu qeyd edim ki, Mübarizlər diyarında böyük əksəriyyətin sevgi və rəğbətini hiss etməkdəyəm və buna görə hər birinizə çox təşəkkürlər! Hətta seçki marafonunda qaralama və böhtan yolunu tutanların böyük əksəriyyətindən təqdir mesajları almaqdayam.

Həqiqətən deputatınız olmaq böyük şərəfdir! Lakin, cəmiyyət yekcins deyil, hamı eyni mövqedə, əqidədə, düşüncədə ola bilməz. Bilirsiniz ki, telefonlarımız daim açıqdır, rəsmi səhifəmizə gələn elə bir məktub yoxdur ki, cavablandırmayaq, yəni 7/24 seçicinin bizə əli çatır.

Hesab edirəm ki, cənab İlham Əliyev və Mehriban Xanım Əliyevanın islahat çağırışlarına qoşularaq seçkiyə qatılan adam kimi, bunu etmək həm mənəvi borcum, həm də vəzifəmin tələbidir. Lakin, son günlər bu imkanlardan sui-istifadə halları ilə üzləşirik. Aidiyyatsız ittihamlar alırıq, məsələn, “niyə Biləsuvarda su yoxdur?!” Birincisi, mən ay yarımdır ki, işə başlamışam, su problemi isə azı 30 ildir Biləsuvarda mövcuddur.

Düşünək, özümüzə sual verək, bu məsələdə deputat nə edə bilər? Deputatın səlahiyyəti ümumiyyətlə nəyə çatır?!

Deputat vasitəçidir, mən də vasitəçiniz kimi, bu problemi 3 dəfə Milli Məclisin iclasında qaldırmışam, 2 dəfə hökumətə, 2 dəfə aidiyyatı struktura həm yazılı, həm şifahi müraciət etmişəm, bundan sonra da, ta məsələ həllini tapana qədər bütün imkanlardan istifadə edəcəm!

Əlimizi vicdanımıza qoyaq, Biləsuvarın bu və ya digər problemlərini indiyədək hansısa tribunadan eşitmişdizmi? Yaxud bəziləriniz məni ittiham edirsiz ki, “niyə 190 manatlıq yardım almağınız barədə qərar vermirəm”?!

Dostlar, bir düşünün, görün nə tələb edirsiz!

Deputat yardım barədə qərar verəndir, ya yardım məbləği müəyyən edən?

Mən Sizin nümayəndəniz kimi, 2 dəfə yardım məsələsini Parlamentdə gündəmə gətirmişəm, başqa nə edə bilərəm?

Əziz soydaşlar, mən tam qanun çərçivəsində ayda iki dəfə qəbul keçirməklə sakit iş qrafiki də seçə bilərəm, bir daha deyirəm, tam qanuni. Lakin bütün sutkanı sizin üçün əlçatan olmaqla illərdən yığılıb qalan problemlərin digər orqanlarla birlikdə həllinə çalışıram.

Bilin ki, cənab Prezidentin rəhbərliyi ilə çox vacib bir dönəm başlayıb, bu dövrdən Biləsuvar olaraq böyük faydalarla çıxa bilərik. Ona görə də, aramızdakı kommunikasiyanı pozmayaq, mənim niyyətim odur ki, seçici deputatına bir zəng, bir mesaj qədər yaxın olsun.

Amma biz bu imkandan ümumi işimizə mane olan formada yox sərfəli və faydalı şəkildə istifadə etməliyik. Hər birinizə böyük hörmətlə..”