Millət vəkili Xanhüseyn Kazımlı “Açıq qapı günü”ndə iştirak edib.
Yenicg.az xəbər verir ki, dünən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilib. Xocavənd rayonunda yerləşən N saylı hərbi hissədə təşkil olunan “Açıq qapı günü”ndə Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Nazirin qatıldığı tədbirdə həmçinin millət vəkili Xanhüseyn Kazımlı, Xocavənd rayonunun İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Beyləqan rayonunun İcra Hakimiyyətinin başçısı Asif Ağayev də olublar. Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər, əsgərlərlə nahar süfrəsi arxasında əyləşiblər. “Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilib və sualları cavablandırılıb.
Bayram günü münasibətilə şəxsi heyət üçün təşkil olunan mədəni-kütləvi tədbir saat 10:00-dan 13:00-a qədər davam edib. Tədbirdə xalq artisti Azərin də bəstələri ilə “Açıq qapı günü”nə xüsusi rəng qatıb.