Azərbaycan Üzgüçülük Federasiyasının rəhbəri, millət vəkili Xanlar Fətiyev gülünc bir qərar verib. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, qurum rəsmisi bu yaxınlarda qapalı iclas keçirib.
İclas üzgüçülərin İslam Həmrəylik oyunlarında yaxşı nəticə göstərməsi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. Ancaq X. Fətiyev federasiya rəsmilərinə göstəriş verib ki, İslam Həmrəylik Oyunlarında Azərbaycanı təmsil etmək üçün xaricdən idmançılar gətirilsin. Hətta bunun üçün 450-500 min manata qədər pul da ayrılıb. Federasiya rəsmiləri millət vəkilinin bu göstərişindən sonra axtarışa çıxıblar. Qurum rəhbəri onu da bildirib ki, bu il “tapdıqları” idmançılar nə London Olimpiya oyunlarında, nə Avropa Oyunlarında, nə də Rio Olimpiadasındakı kimi yarıtmaz olmasınlar. Əks halda, federasiyada kütləvi ixtisar olunma baş verəcək.
Hazırda rəsmilər bir neçə idmançı ilə maraqlanırlar. Namizədlər arasında Amerikadan olan üzgüçülər də var. Federasiya rəsmiləri yeni “milli” ilə İslamiadada ilk “3-lük”də yer almağı düşünür.
Aygün İlqarqızı
Yeniçağ.az