“Çox təəssüf ki, konkret təkliflər olsa da, bu istiqamətdə əməli addımlar atılmır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyevin işğal olunmuş ərazilər haqqında qanunun qəbuluna ehtiyac olmaması haqqında fikrinə etiraz edən millət vəkili Fəzail Ağamalı deyib.
Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oxu.az-a müsahibəsində Azərbaycanda işğal olunmuş ərazilər haqqında xüsusi qanun hazırlanmasının zəruriliyi haqqında sualı cavablandırarkən, indiki şəraitdə buna ehtiyac olmadığını deyib:
“Biz bu məsələ ilə bağlı digər dövlətlərin təcrübəsi ilə tanışıq. Bir sıra ölkələrdə işğal olunmuş ərazilərlə bağlı ayrıca qanunlar mövcuddur. Amma Azərbaycanın öz təcrübəsində, Azərbaycanın öz reallığında məsələlərə baxsaq, görərik ki, mövcud qanunvericilik bazası işğal olunmuş ərazilərimizdəki fəaliyyətləri, xüsusilə, qeyri-qanuni fəaliyyətləri tənzimləmək üçün zəruri hüquqi çərçivə yaradır.
Ona görə, bəlkə də, işğal olunmuş ərazilərlə bağlı ayrıca qanunun qəbul edilməsi ilə əlaqədar xüsusi bir zərurət yaranmayıb. Təbii ki, dediyim kimi, bu proses nəzərdən keçirilir, digər ölkələrin təcrübəsinə baxılır.
Amma məsələyə Azərbaycanın mövcud qanunvericiliyi kontekstindən baxsaq, görərik ki, ölkəmizin işğal olunmuş ərazilərdəki fəaliyyətləri, xüsusən, qeyri-qanuni fəaliyyətləri tənzimləyən kifayət qədər mexanizmlər və müddəaları var”.
Ancaq Hikmət Hacıyevin bu mövqeyi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu barədə Yenicag.az-a danışan millət vəkili Fəzail Ağamalı bildirib ki, XİN-in işğal olunmuş ərazilər haqqında qanuna yanaşması qəbuledilməzdir:
“Qeyd edim ki, belə bir qanunun qəbul edilməsinin zəruriliyi haqqında dəfələrlə məsələ qaldırılıb, təkliflər səsləndirilib. Ancaq çox təəssüf ki, konkret təkliflər olsa da, bu istiqamətdə əməli addımlar atılmır. Mən hesab edirəm ki, belə bir qanunun qəbuluna ehtiyac var.
Ümumiyyətlə, Milli Məclisdəki çıxışlarımda, o cümlədən mətbuata müsahibələrimdə bildirmişəm ki, Xarici İşlər Nazirliyi ölkə prezidentinin hücum diplomatiyasına uyğun addımlar atmır.
Mən çox arzu edərdim ki, Xarici İşlər Nazirliyi hücum diplomatiyası əsasında ortaya daha sərt mövqe qoysun. Çünki biz işğala məruz qalmış ölkəyik”.
A.Zeynalov