Millət vəkilləri məişət zorakılığından danışdılar – Fotolar – Yenicag.Az

Reklam

Millət vəkilləri məişət zorakılığından danışdılar - Fotolar

Reklam

Bu gün Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Bərabər hüquqlar, bərabər imkanlar” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı gənclərlə görüş keçirilib. Yeniçağ.az xəbər verir ki, tədbirdə çıxış edən “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyinin  icraçı direktoru Günel Səfərova bildirib ki, hər gün məişət zorakılığı ilə bağlı məlumatlar mediada yer alır. Onun sözlərinə görə, bu layihə çərçivəsində məişət zorakılığı çərçivəsində mülkiyyət hüquqları pozulan şəxslərə hüquqi yardımlar göstərilir:

“Əslində, bu layihə 2014-cü ildə təsdiqlənib, lakin biz onu 2017-ci ildə reallaşdıracağıq. Layihənin bir istiqaməti kimi gənclərlə maarifləndirici tədbirlərin keçirilməsidir”.

Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, məişət zorakılığı təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir:

“Zorakılıq anlayışı, mütəmadi fiziki və mənəvi təzyiqləri özündə ehtiva edir. Bəzən ailə münasibətləri ilə bağlı ölüm hadisələri baş verir və deməzdim ki, belə halların hamısında zorakılıq faktı olur. Ölüm hadisəsi biranlıq da ola bilər. Təəssüf ki, biz ancaq mətbuatda gedən yazılar və məhkəmə proseslərindən məişət zorakılığının baş verdiyini öyrənirik. Amma regionlarda, xüsusilə ucqar rayonlarda bizim bilmədiyimiz daha çox zorakılıq halları baş verir. Yaxşı olardı ki, telekanallarımız müğənnilərə sərf etdikləri vaxtdan bir az da ailə münasibətləri ilə bağlı maarifləndirmə tədbirlərinə yer ayıraydılar”.

Milli Məclisin deputatı Jalə Əliyeva isə bildirdi ki, dünya yaranandan güclünün gücsüzə zorakılığı müşahidə olunub:

“Təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, kobud səslənsə də, bu gün də cəngəllik qanunları ilə gün keçirənlər var. Hətta dünyanın inkişaf etmiş ölkələrində belə məişət zorakılığı olur. Şərt deyil ki, kişi qadını döysün. Bu gün atalar var ki, qızını zorla kiməsə ərə verir. Bu mənada təəssüf edirəm ki, XIX əsrdə Cəlil Məmmədquluzadənin, Sabirin və digər ədiblərin qələm aldığı “adətlər” hazırda da davam edir. Düzdür, vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti kifayət qədər əhatəlidir, Milli Məclis tərəfindən qanunlar qəbul edilib. Lakin görünən odur ki, qanunların qəbulu, inzibati tədbirlər yetərli deyil. Zorakılıq həm də insanlarımızın öz hüquqlarını bilməməsi səbəbindən də baş verir”.
Politoloq, millət vəkili Elman Nəsirli də bildirdi ki, ailə məsələlərində çox ehtiyatlı davranmaq lazımdır:
“Çünki ailədaxili problemlər kənara çıxanda xoşagəlməz hallar baş verir. Ona görə də yaranmış problem maksimum dərəcədə ailə daxilində həll edilməlidir. Yox, əgər bu, mümkün olmursa, məsələnin hüquq çərçivəsində həlli daha arzuolunandır. Düşünürəm ki, hər bir halda insan özü situasiyanı qiymətləndirməli və ona görə qərar verməlidir”.

Tədbirdə millət vəkili Elşən Musayev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.

BƏXTİYAR
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."