Elə bir insan ki, Türk Dünyasının hansı tərəfinə getsə, onun yolunu gözləyən, “Xatun”, “Ana” deyə əziz tutulur. O, sadəcə öz ailəsinin Xanımı, öz övladlarının Anası olmadı. Bu gün Hindistandan Kanadaya, Türkiyədən Avropaya, Doğu Türküstandan Kərkükə qədər harada bir milliyyətçi varsa, Rüstəmxanlı ismini duyub. Bu soyadın ən güclü Bəyi Sabir Rüstəmxanlıdırsa, ən güclü xanımı da Tənzilə Rüstəmxanlıdır!.. Təpədən-dırnağa, bütün varlığı ilə türkçülük-turançılıq ideologiyasının sadiq və yorulmaz təbliğatçısı, təmsilçisi olan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çoxlarının türk sözünü dilinə gətirməyə qorxduğu bir vaxtda (indi bu “türkçü” xanımların sayı hesabı çoxalıb) ulu Xatunlarımız kimi bu çətin və şərəfli yolun yolçusuna çevrilərək Böyük Türk Dünyası qarşısında türkçülüyün təbliğinə başlayıb. Özünü tanıyandan Tənzilə xanım Vətəndaş olmaq… Vətənin daşına-torpağına qurban olmaq, daşlaşmış sinələrə Vətən sevgisi toxumlarını əkmək, sinələrdə boy atan sevgi fidanlarını göz yaşlarıyla sulamaq, onları qəlbinin hərarətilə yetişdirmək qeyrəti ilə bu çətin yolun yolçusuna çevrildi. Bütün qəlbi, qələmi ilə bağlı olduğu türkçülük idealı millətinə, məmləkətinə duyduğu sonsuz sevginin təzahürüdür ki, onu Türk Dünyası Araşdırmaları Vəqfinin Başkanı Turan Yazqan “Tənzilə Sultan” adlandırmışdır.
Tənzilə xanımın ata-baba yurdu bu gün yağı düşmən tapdağında inildəyir. Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində dünyaya göz açan Tənzilə xanımın həm ata, həm ana tərəfi eldə-obada sayılıb-seçilən, alicənab, əliaçıq, abırlı-həyalı bir nəsil olub. Qaraçantada “Savadlılar tayfası” kimi tanınan bu nəsil rayonun ilk ziyalıları, əməkdar müəllimləri, məhz kənddə ilk ali təhsil alan qadınları ilə məşhur idi. Belə bir nəsildən olan Tənzilə xanım bütün varlığı kökünə-soyuna, keçmişinə bağlı əsl türk xanımı kimi böyüyüb, boya-başa çatıb, təhsil alıb. Kiçik yaşlarından türk xalqına edilən haqsızlıqlar onun da qəlbinə sağalmaz yaralar vurub. Babasının var-dövləti əlindən alınaraq sürgün edilib, dayıları didərgin düşüb, nənəsi Şahnisə xanım qəlbində Qars həsrəti qubar edərək dünyasını dəyişib, sağ qalan doğmaları eldən-obadan didərgin düşərək ordan-bura, burdan-ora köç edib, yurdunu-yuvasını itirib. Qəlbində daşıdığı bu ağrı-acını ovundura bilməyən Tənzilə xanım uzun illərdi mücadiləyə qalxaraq millətinin azadlığı, birliyi uğrunda mübarizə edir. Çoxlarından fərqli olaraq, milli kimliyi, haradan gəlib-haraya getməsi, marağı ilə tarixini, keçmişini öyrənib və millətinə qarşı edilən haqsızlıqlar uğrunda mübarizəyə qalxıb. Min bir əzabla Qaraçantadan başlanan bu yolu bu gün böyük Türk dünyasında davam etdirir. Səsi-sorağı dünyanın daha uzaq yerlərindən gələn xanım Almaniya, ABŞ, Hollandiya, İsveçrə, İtaliya, Yuqaslaviya, Çexoslovakiya, Türkiyə, İran, Şimali Qafqaz, Orta Asiya, Gürcüstan və digər ölkələrdə keçirilmiş bir çox beynəlxalq və regional konfransların təşkilatçısı və iştirakçısı olmuşdur. İstər ölkə daxilində, istər xaricində yalnız bir ideya, bir amal uğrunda çalışan Tənzilə xanım “dərin kökümüz, əmanət yükümüz, qeyrət gücümüz olan Milli Ruhumuzun varlığını sağlam təməllər üzərində qurmaqla Böyük Türk Dünyasının birliyinə çağırış edir, yol göstərir…
Ağlı kəsəndən, bu qoca dünyanın əzəmətli və vüqarlı Türk dünyasına birmənalı münasibətini görəndən, duyandan türk milli varlığının keşiyində dayanmağı, onun uğrunda mübarizə aparmağı bir Türk Xanımı kimi qarşısına məqsəd qoydu və illər sonra bu “sırada adı ön cərgədə çəkə biləcəyimiz bir mübariz kimi tanındı, sevildi – Tənzilə xanım! “Dünya hər zaman türkün haqqına qarşı çıxıb” söyləyən Tənzilə xanım uzun illərdi bu haqqın uğrunda sözü, əməli ilə vuruşur…
Bəzən öz ölkəsində dəyəri yetərincə bilinməyən, həm də kimsədən tapşırıq gözləmədən, millətinin və dövlətinin səsinə səs verən, dövlət maraqları nəyi tələb edirsə onu edən, heç bir şəxsi davası, marağı olmadığı üçün kiçik adamların hədəfinə çevrilən ucalıqdadır Tənzilə xanım! Bütün həyatını türk milli kimliyinin dərk edilməsi üçün mücadilə edən bu fədakar xanım çox vaxt bu savaşda haqqsız ittihamlara da tuş gəlib, təzyiqlərə də məruz qalıb. Amma millətinə olan sevgisi, sayğısı ona bu yolda güc verib.
Bu gün doğum günündə Tənzilə xanıma ən böyük təbrik də böyük və əzəmətli tarixə, mədəniyyətə, mənəviyyata sahib olan, tarix boyu dünyaya meydan oxuyan Türk dünyasına olan duadır. TANRI TÜRKÜ QORUSUN!!! TANRI YOLUNUZA UĞUR VERSİN, TƏNZİLƏ XANIM!!!
Nəsimi Şərəfxanlı