Milli Aerokosmik Agentliyə yeni baş direktor təyin olundu

Milli Aerokosmik Agentliyə (MAKA) yeni baş direktor təyin olunub.

Yenicag.az xəbər verir ki, bu vəzifə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü Natiq Cavadova həvalə olunub.

Bu təyinata qədər N.Cavadov “Sənayeavtomatika” İstehsalat Birliyinə rəhbərlik edib.

Qeyd edək ki, Natiq Cavadov 1955-ci ilin martın 8-də Ağdam rayonunun Əliağalı kəndində anadan olub. 1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1979-cu ildə oranı bitirib. Əmək fəaliyyətinə 1974-cü ildə Bakı Tunel Tikinti İdarəsində fəhlə kimi başlayıb.

Natiq Cavadov 1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru işləyib. 18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

O, 2009-cu ildən “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” elmi-texniki jurnalının, 2011-ci ildən isə Moskvada nəşr edilən “Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə” elmi-texniki jurnalının redaksiya heyətinin üzvüdür. 2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” medalı ilə təltif olunub. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir.

200-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə – İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilib. /Report/