Milli iradənin zəfəri – 15 iyul çevrilişinə cəhdin ildönümü – Fotolar

FETÖ terror şəbəkəsinin 2016-cı il iyulun 15-də hərbi dövlət çevrilişi cəhdinin 1-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

Yenicag.Az xəbər verir ki, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) ilə “TRT World” telekanalının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutan “FETÖ ilə mübarizə və 15 iyul dövlət çevrilişi təşəbbüsü” adlı Dəyirmi masada Azərbaycan və Türkiyənin millət vəkilləri, ziyalılar, media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan QAFSAM-ın sədri Araz Aslanlı FETÖ-nun 15 iyul çevriliş təşəbbüsünü Türkiyənin qanuni hakimiyyətini zor gücünə devirmək cəhdi kimi qiymətləndirib:

“Lakin milli iradə xain planın həyata keçməsinə imkn vermədi. O gecə Azərbaycan və Türkiyəyə dost olan digər dövlətlər ortaya konkret mövqe qoyduqları halda, özlərini “demokratik” adlandıran ölkələr yenə də ikili standartlardan çıxış edərək, legitim hakimiyyətin müdafiəsinə yönələn mövqe bildirmədilər”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qısa çıxışında 15 iyulu Türkiyə tarixində unudulmayacaq bir gün kimi dəyərləndirib. Özoralın sözlərinə görə, ötən il iyulun 15-də meydana gələn çevriliş təşəbbüsü bir günün işi olmamaqla yanaşı, həmin şəbəkənin təqribən 50 illik hazırlığının nəticəsidir:

“Çevriliş təşəbbüsünə qalxanlar onlara qarşı olan müqaviməti əzmək üçün dövlətin bütün quruluşlarını bombalayardı. Ortaya çıxan video çəkilişlərdən məlum olur ki, xainlər bu addımları atarkən insanlıq adına heç nə düşünməyib, liderlərindən aldıqları əmrləri həyata keçiriblər. Onlara insan demək mümkün deyil. Bu hadisələr zamanı şəhid olan 250 vətəndaşımızı rəhmətlə anır, yaralanan 2 mindən artıq insanımızın fədakarlığını xüsusi qeyd edirik.

Ancaq Türk milləti prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə xain plana qarşı müqavimətə qalxaraq, özlərini Peyğəmbərdən də üstün görən robotların bu cəhdinin qarşısını aldı. Bununla da milli irədənin sarsılmazlığını bütün dünyaya göstərdi”.

Daha sonra Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov çıxış edərək, 15 iyul çevriliş cəhdinin qarşısının alınmasında həlledici məqamın Türkiyə hakimiyyəti ilə xalqın həmrəy olmasında gördü:

“Bu, həqiqətən də çox vacib və əhəmiyyətli tədbirdir. Türkiyədə çevriliş təşəbbüsünün ortaya çıxdığı 15 iyul gecəsi Azərbaycanda da çox böyük həyəcan yaratdı. Bu məqamda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq dəstəyini, həmrəyliyini ifadə etməsini xüsusi vurğulamaq istərdim.

Mən özüm onda Avropada olsam da, Türkiyəli deputatlarla, xüsusilə, hörmətli Necdət Ünüvarla əlaqə saxlayır, hadisələrin inkişafını izləyirdim. Türk xalqı isə həmin gecə sübut etdi ki, öz azadlığı, müstəqilliyi uğrunda hər bir fədakarlığa hazırdır”.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Necdət Ünüvar ən yeni Türkiyə tarixinin çox mühüm ərəfəsi olan FETÖ-nun 15 iyul çevriliş təşəbbüsünün 1-ci ildönümünün Bakıda belə mötəbər bir tədbirdə müzakirə edilməsini yüksək qiymətləndirib:

“15 iyul çevriliş təşəbbüsünün ildönümünə dair Bakıda belə bir tədbirin təşkil olunması doğrudan da məmnunedici haldır. Azərbaycanla sıx bağlılığım var və demək olar ki, iki aydanbir Bakıya gəlirəm. İndi isə FETÖ-nun xain çevriliş cəhdinin 1-ci ildönümünü müzakirə etmək üçün burdayam.

15 iyul gecəsi bizlərin Türkiyədə keçirtdiyi həyəcanı azərbaycanlılar da burada yaşadılar. Biz qardaş xalqlarıq və başqa cür ola da bilməzdi. Tarixin bütün dönəmlərində bu qardaşlığımızı göstərən çoxsaylı nümunələr var.

Gələn il Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını rus-erməni işğalından azad etməsinin 100-cü ildönümü qeyd ediləcək. Bakı uğrunda gedən döyüşlərdə 8 minlik Qafqaz İslam Ordusu 1300 nəfər şəhid verdi. Qardaşlığımız bu gün də güclənməkdə, böyüməkdədir və bütün sahələrdə əməkdaşlığımız genişlənməkdədir. Bu sırada qeyd edim ki, ötən il Türkiyə iqtisadiyyatına yatırılmış xarici sərmayənin 51 faizi, konkret desək, 12 milyard dolları SOCAR-ın payına düşür. Biz bu qardaşlığa, dostluğa layiq olmaqdan çox məmnunuq”.

Dəyirmi masada növbəti məruzəni təqdim edən Türkiyə Böyük Millət Məclisinin deputatı Ayşe Kesir 15 iyul çevriliş cəhdində əsas məqsədin müstəqil siyasət yürüdən Türkiyənin yenidən Qərbin asılılığına qaytarmaq olduğunu deyib:

“15 iyul çevriliş təşəbbüsünün əsas məqsədini göstərmək üçün bir qədər əvvələ qayıtmaq lazım gəlir. 1960-cı il çevrilişi ərəfəsində yaşananlar 15 iyul çevriliş təşəbbüsü ərəfəsində də müşahidə olundu. O zaman Adnan Menderesi sıradan çıxartmaq üçün hazırlanan plan bu dəfə Türkiyənin indiki iqtidarına, prezident Rəcəb Tayyib Ərdoğana qarşı tətbiq edildi.

Əslində, prezident Ərdoğanın 2013-cü ildə Türkiyənin Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcunun tam ödənilməsini bəyan etməsi ilə sərgilədiyi mövqe dünyaya meydan oxumaq idi və bunu qəbul etməyən beynəlxalq güclər ölkəmizin onların buxovundan azad olunması ilə razılaşmaq istəmədilər. Nəticədə, FETÖ vasitəsilə uğursuz çevriliş təşəbbüsünə əl atdılar.

Çox gərgin bir gecə idi. Xəbəri alan kimi övladlarımla – üç qızım var – halallaşdım, onlara vəsiyyət edib, evdən çıxdım və Məclisə yollandım. Orada toplantı davam edərkən, sosial şəbəkə vasitəsilə canlı yayıma çıxdıq və baş verənləri anlatmağa çalışdıq. Çox şükür ki, millətimiz çevrilişin qarşısını aldı və öz iradəsini bütün dünyaya göstərdi. Allah həmin gecə canlarından keçən şəhidlərə rəhmət eləsin, bu hadisələrin bir daha təkrarlanmasına imkan verməsin”.

“TRT World” telekanalı “Xəbərlər” redaksiyasıın direktoru Fatih Er isə 15 iyul gecəsi yaranmış informasiya blokadasının yarılması və dünyaya çevriliş cəhdi ilə bağlı dəqiq informasiya çatdırmaq üçün etdikləri cəhdlərdən, bu işdə üzləşdikləri çətinliklərdən danışdı. Onun sözlərinə görə, Türkiyə mediasının həmin gecə nümayiş etdirdiyi vətənpərvərlik və fədakarlıq əzmi ən yüksək qiymətə layiqdir.

Bu çıxışlardan sonra yenidən söz verilən millət vəkili Necdət Ünüvar FETÖ-nun 15 iyul çevriliş təşəbbüsünə həsr etdiyi “Qazi Məclisdə o gecə” kitabında yer alan məqamlar haqqında ətraflı bəhs edib. O, bu kitabında Türkiyə tarixinin mühüm dönəmlərini və məkanlarını əlaqəli şəkildə ümumiləşdirərək, tarixi bağlılığı əsaslandıran detallar barəsində ətraflı bəhs edib.

Məruzələrdən sonra çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa və Şəmsəddin Hacıyev 15 iyul çevriliş cəhdi ilə bağlı fikirlərini bildiriblər.

A.Zeynalov
Yenicag.Az

Foto: Cəmalə Əlizadə

COP29