!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli kanallarımıza milli baxış

!Reklam – Yazi

15423563_834752420001396_1314152771_nƏslində, Azərbaycan tele-məkanından nə qədər danışsaq da azdır…

Hətta hadisələrin gedişatı onu göstərir ki, danışmaqla heç bir iş düzəlmir. Əksinə, necə deyərlər, dəyirman öz işindədi, çax-çax da eləcə baş ağrıdır. Və bu Dəyirmanın gözü işlədikcə əyalət zövqü, ləhcə və jarqonlar mavi ekrandan gənc nəslin şüuruna yansıyır və nəticədə, 16-17 yaşlı yeniyetmələr nə yolla olur-olsun televiziya kanallarında işləməyə can atırlar. Çünki bu gün cəmiyyətdə formalaşan fikir budur: televiziyada işləmək üçün bu peşəni bilmək gərək deyil, əsas təcrübədir. Bax, məsələnin əsl kökü də bundadı. Neft Akademiyasını bitirən efir rejissoru, İncəsənət İnstitutunu bitirən redaktor, Tibb Universitetini bitirən aparıcı olanda, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, ədib və professorlardan dərs alanlar da uzağı müxbir işləyəcək, ya da heç işləməyəcək. Əslində, bu balans (türkcə bu söz lap gözəl səslənir – dəngə) çoxdan pozulub…Və get-gedə vəziyyət daha acınacaqlı hal almaqdadır.

Elə yeri gəlmişkə. Bu yaxınlarda ANS kanalından tanıdığım bir xanımla rastlaşanda hal-əhvaldan sonra bəlli oldu ki, o, başqa  bir kanalda redaktor kimi işə düzəlib. Təəccübləndim… Sözsüz ki, dilim dinc durmadı: “Sən axı kordinator idin, redaktor kimi necə işləyəcəksən?”. Cavab gülünc idi: öyrənəcəm də.
Beləcə, qırxından sonra öyrənənlər artdıqca agıllı tamaşaçıların milli kanallarımıza baxmaq marağı da birmərrə yox olur.

Bu gün milli kanallarımızdakı yanlış kadr siyasəti keyfiyyətə təsir edən ən başlıca faktordur. Və nəzərə alsaq ki, milli kanallarımızın bir-ikisindən başqa heç birində “OTK” (texniki nəzarət şöbəsi) yoxdur, məsələnin ciddiyyəti adamı ürpədir. Bu yerdə yenə haşiyəyə çıxıb demək istəyirəm ki, texniki nəzarət işinin sonuncu mogikanı Ələkbər Kazımovskinin vəfatından sonra bu sahə demək olar ki, tam yetim qaldı.

Milli kanallarda ən acınacaqlı hal seriallarda yaşanır. Space televiziyasında yayımlanan “Əntiqə rəfiqələr”, ATV-də yayımlanan “Məryəm”, “Günəşim ol”, “Sən olmasaydın” serialları yalnız efir vaxtını doldurmaq naminədir. Zəif ssenari, ikrah doğuran danışıq, hətta dərnək səviyyəsindən də aşağı olan aktyor oyunu seriallarımızın ana xəttini təşkil edir. Sonra da deyirlər baxma. Yaxşı… Əgər mən və mənim kimi milyonlarla insan bu seriallara baxmayacaqsa, onda bu ekran işi niyə ərsəyə gəlir? Tamaşaçısız seriallar kimə lazımdır onda? Məsələyə münasibətlər də müxtəlifdir. Məsələn, BDU-nun professoru Qulu Məhərrəmlinin fikrincə, serial sahəsinə yalnız tamaşaçı yox, peşəkarlar da diqqətli yanaşmalı və müzakirələr aparılmalıdır. Müqayisələr, teleserial tənqidi, televiziya tənqidi işləməlidir. Ümumi ictimai rəylə peşəkarların rəyləri bölüşdürülməlidir:

“Prodakşın və televiziyaların üzərinə ciddi iş düşür. Peşəkarlar seçilsin, iş peşəkarlara tapşırılsın və onlar da peşəkarları yığsın. Uğur üçün başqa yol yoxdur. Maliyyədən sonra birinci növbədə sənətkarlıq və peşəkarlıq gəlir”.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də münasibəti maraqlıdır: “ Bu sahədə əsas iş telekanalların üzərinə düşür. Bizdə serialların keyfiyyətinə nəzarət mexanizmi yoxdur. Telekanallar özləri baxacaqlar və daha keyfiyyətli, efirə uyğun serialları göstərəcəklər”. Bəs görəsən Şura sədri özü milli seriallardan hansına baxır? Baxırsa… keyfiyyət onu qane edirmi? Cavab ümumi oldu:nin sözlərinə görə, zövqlər müxtəlif olduğu üçün bəzi insanlar var ki, serialların keyfiyyətindən narazıdır, eləsi var ki, irəliləyiş hss edir: “Məncə hiss edirəm ki, son zamanlar irəliləyişlər var. Düzdür, xarici ölkələrdəki seriallar səviyyəsində deyil. Amma hesab edirəm ki, bu sahədə ildən ilə irəliləyişlər olacaq”.

Buna bir tamaşaçı kimi mən də ümid edirəm. Və yalnız bir məqamda susmağa üstünlük verirsən: düşünəndə ki ən azı orada əziyyəti olanlar evlərinə bir parça çörəkpulu aparırlar…. Amma nolar ki, əgər əziyyət çəkilirsə o daha səmərəli olsun? Keyfiyyətsiz məhsulu reklam etməkdənsə tamaşaçıya sanballı iş təqdim olunsa daha yaxşı olmazmı? Axı ağıllı tamaşaçını aldatmaq çox çətindir….

P.S. Mövzunu kanallarımızdakı kino və cizgi filmlərinin dublyaj səviyyəsi ilə davam etdirəcəyik.

Zakirə Zakirqızı
Yenicag.az

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv