“Qanlı hadisələrin canlı şahidi olan, yaddaşlarında saxlayan insanları danışdırıb sənədli film çəkmək daha münasibdir”.
Bu fikirləri Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi kimi yaddaşımıza yazılan 20 Yanvar hadisələrinin milli kinomuzda necə əks olunması haqda danışan kinorejissor Tahir Tahiroviç Yenicag.az-a açıqlamasında deyib.
Rejissorun fikrincə, bu məzmunda daha çox çox sənədli filmlərin çəkilməsinə ehtiyac var:
“Xatırladım ki, 20 yanvar mövzusu Vahid Mustafayevin iki filmində öz əksini tapıb. Daha sonra Vaqif Mustafayev “Qara nişanə” adlı film çəkib və onun ayrı-ayrı epizodları ara-sıra ekranlarda nümayiş olunur.
Bu mövzuda başqa bir uğurlu sənədli film də var: “Azadlığa gedən yollar”. Olduqca maraqlı filmdir, 20 yanvarla bağlı bütün proseslər o filmdə əks olunub. Sonradan bütün televiziyalar bununla bağlı sənədli filmlərin istehsalına başladı.
Hesab edirəm ki, 20 yanvar mövzusunda bədii filmin çəkilməsinə xüsusi diqqət ayrılmasına ehtiyac yoxdur. 20 yanvar lokal bir hadisə idi. Bədii filmdə bunun dramaturji xəttini tapmaq rejissorlar üçün bəlkə də çətin olar.
Amma düşünürəm ki, adlarını çəkdiyim rejissorlar bu mövzuda yetərincə əmək sərf ediblər. Sənədli filmdə nələrsə etmək olar. “30 ilin yaddaşı” adlı bir film də çəkdik. Əslində, bunlar xatirə xarakterli filmlərdir. Qanlı hadisələrin canlı şahidi olan, yaddaşlarında saxlayan insanları danışdırıb sənədli film çəkmək daha münasibdir, nəinki bədii film”.
Cəvahir