Milli komandanın uğursuzluq SERİYASI: “Məğlub olmaq üçün xüsusi bacarığa malik olmaq lazım deyil”

“Renat Dadaşov, Ramil Şeydayev, Mahir Emrelinin, yaxud digərlərinin yerinə qapıya qolu Santuş vuran deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan milli komandasının uğursuzluq seriyasının səbəbləri barədə danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, millinin uğursuzluq seriyasına görə yaranan “baş məşqçi, yoxsa rəhbərlik günahkardır” fikrinə futbolçuları da əlavə etmək lazımdır.

“Əslində, burada günah bölgüsü aparmaq lazımdır. Santuş ona görə günahkardır ki, o baş məşqçidir, taktikanı, sistemi o qurur. Millinin məğlubiyyətlərində həmişə baş məşqçi günahkardır. Lakin düşünürəm ki, Santuş taktiki sxemlər barədə yanlış addımlar atıb. Məsələn, 3-4-3 sxemi bizim komandaya uyğun gəlmir. Bu, əvvəlcədən də bilinirdi. Bu sxemdə milli komandada oynayan heç bir oyunçu öz klubunda həmin sxemdə oynamır.

Milli komandanın baş məşqçisi əlində olan futbolçulara uyğun olaraq sistem qurmalıdır. Çünki onun başqa klubdan fərqli olaraq, yeni futbolçu transfer etmək imkanı yoxdur. Əgər sənin əlinin altında bu futbolçular varsa, onlara uyğun taktika qurmalısan.

Meydana çıxan oyunçuların əksəriyyəti öz klublarında 4-5-1 və yaxud 4-4-2 sistemi ilə oynayırlarsa, buna öyrəşiblərsə, sən ona uyğun olaraq bu sxemi qurmağa məcbursan. Əgər bu tam əksidirsə, o zaman riskə getmiş olursan. Belə məqamlarda riskə gedərək uduza da, qələbə qazana da bilərsən, lakin bizim milli uduzur”, – deyə o vurğulayıb.

K.Məstəliyevin sözlərinə görə, bir məqam da var ki, Santuşun qurduğu sistemdə komandamız daha çox qol epizodları yarada bilir.

“Həmin epizodları istər Estoniyaya, istər İsveçə, istərsə də Slovakiyaya qarşı olmasından asılı olmayaraq, real qol epizodları yarada bilirik, amma bundan yararlana bilmirik. Renat Dadaşov, Ramil Şeydayev, Mahir Emrelinin yaxud da digərlərinin yerinə qapıya qolu Santuş vuran deyil. Santuşun işi o şansları yaratmaqdır və o şansları yaradır.

Statistikaya görə, Avropanın Millətlər Liqasında ən çox real qol şansı yaradan komanda Azərbaycandır. Burada məşqçinin olduğu qədər futbolçuların da günahı var. Onların da bacarıqsızlığını qeyd etmək lazımdır.

AFFA rəhbərliyi isə futbolçuların potensialının bu qədər olduğunu, güclərinin bundan artığına çatmayacağına bilə-bilə ardıcıl dayanmadan, bir illik Qurban Qurbanov dövrü istisna olmaqla, ancaq komandaya legioner məşqçilər gətirir, ona böyük pullar xərcləyirlər. Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Cianni De Byazi kimi məşqçilər həmin futbolçuları 4-5-1, 5-3-2, 3-4-3 oynatsa da bu həmin futbolçulardır, onlar dəyişmir. Bu eyni nəticələri istənilən məşqçi qazana bilər.

Komandaya azərbaycanlı məşqçi gətirsəydilər belə bu 4 oyunun 4-dündə də uduzacaqdı. Məğlub olmaq üçün xüsusi bacarığa malik olmaq lazım deyil. Futbolçuların, məşqçilərin, AFFA rəhbərliyinin də öz günahları var”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29