“Milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafı dövlətin əsas prioritetləri sırasındadır” – Əhməd İsmayılov

“Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK), Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkil etdiyi bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədəki çıxışı zamanı MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində Vətən müharibəsində möhtəşəm qələbə qazandıq:

“Bununla da regionda yeni dövrə qədəm qoyuldu. Ölkəmizdə, eyni zamanda, regionda yeni siyasi reallıqlar yarandı. Yeni mərhələ ölkəmizdə dərinləşən islahatların davamlılığını, müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir.

Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı, ölkəmizin qabaqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qüvvələrin də planlarını alt-üst etməkdədir”.

Prezident İlham Əliyevin fikirlərindən sitat gətirən Əhməd İsmayılov dövlət başçısının bu sözlərini bir daha xatırladıb:

“Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”.

MEDİA-nın İcraçı direktoru Prezident İlham Əliyevin jurnalistlərin əməyinə hər zaman yüksək qiymət verdiyini diqqətə çatdırıb:

“Milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafını dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib”.

Nəsimi Ələsgərli

COP29