“Milli Məclis Cümhuriyyətin işğal edilməsinin 100-cü ildönümünə səssiz qalmaya bilərdi…” – Fazil Mustafa

“Müstəqilliyimizin bir dəyər olduğunu göstərmək üçün belə tarixi olaylardan istifadə etmək lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bolşevik Rusiyası tərəfindən işğal edilməsinin 100 illiyinə hər hansı formada münasibət bildirməməsinin səbəblərindən danışan millət vəkili Fazil Mustafa səsləndirib.

Fazil Mustafanın sözlərinə görə, bu məsələ ilə bağlı Milli Məclisə qərar layihəsi təqdim edilsə də, onun qəbulu texniki səbəbdən baş tutmayıb:

“Bu tarixlə əlaqədar Milli Məclisə qərar layihəsi təqdim edilmişdi. Həm müddət gec olduğuna, həm də normativ hüquqi aktlar haqqında qanunun müəyyən müddəalarının tələblərinə görə layihənin qəbul edilməsi mümkün olmadı.

Digər tərəfdən, bu günlərdə Milli Məclisin sessiyası keçirilməyib. Lakin biz partiya olaraq, bu hadisəyə öz münasibətimizi bildirmişik. Cəmiyyətin 28 aprel işğalının 100 illiyinə təpki verməsi vacibdir. Bu, müstəqilliyimizin qorunması üçün immunutetin güclü qalması baxımından, çox zəruridir. Biz öz üzərimizə düşəni etdik”.

Deputatın fikrincə, Milli Məclis SSRİ-nin İkinci Dünya Müharibəsində qazandığı qələbənin 75 illiyi münasibətilə medal təsis etdiyi halda, Cümhuriyyətin işğal gününə də səssiz qalmaya bilərdi:

“Hesab edirəm ki, Cümhuriyyətin işğalının 100-cü ildönümü ilə bağlı bəyanat verilməli idi. Ümumiyyətlə, bundan çəkinmək lazım deyil. Müstəqilliyimizin qorunması və onun bir dəyər olduğunu göstərmək üçün belə tarixi olaylardan istifadə etmək lazımdır.

Burada bizim dövlətə qarşı problem yaradacaq heç bir məqam yoxdur. Biz öz müstəqlliyimiz barədə hansısa tarixi faktı qabardırıqsa, ona müstəqilliyimizin itirilməsinin səbəbi kimi baxırıqsa, buna yanaşmamız da mütləq adekvat olmalıdır.

Təəssüf ki, bizdə bu düşüncə və dünyagörüşü hələ tam yerinə oturmayıb. Biz bunu edə bilsək, cəmiyyəti müstəqillik ideyaları ətrafında daha sıx birləşdirmiş olarıq.
Başqalarının adından danışa bilmərəm, ancaq biz öz üzərimizə düşəni etməyə çalışdıq. Ümid edək ki, bundan dərs çıxarılacaq. Düşünürəm ki, bu, yalnış yanaşmadır və işğalın işdönümünə rəsmi şəkildə münasibət bildirilməlidir”.

Səxavət Məmməd