“Milli Məclis Lavrovun fikirlərinə münasibət bildirməlidir”- Tahir Əliyev

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ ərazisində hər hansı hərbi əməliyyatların aparılmasını Azərbaycanın daxili işi olmadığını deyib. Rusiya XİN rəhbərinin belə bir açıqlama verməsi Azərbaycanda birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan keçmiş daxili işlər naziri, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü, general Tahir Əliyev deyib ki, Rusiya xarici işlər nazirinin bu açıqlaması yolverilməzdir. Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar, ölkələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsini dəstəkləyir:

Tahir Əliyev ile ilgili görsel sonucu“Hesab edirəm ki, bu məsələ ilə bağlı Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Xarici İşlər Nazirliyi aydın mövqe ortaya qoymalıdır. Eyni zamanda Milli Məclis rəhbərliyi də Lavrovun fikirlərinə açıq şəkildə münasibət bildirməlidir. Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağın işğaldan azad edilməsi necə bizim daxili işimiz olmaya bilər? Bu məsələ ilə bağlı hamının konkret mövqe nümayiş etdirməsi lazımdır”.

T. Əliyev deyib ki, ermənilərin faktiki olaraq işğalçılıq siyasəti bu gün də davam edir:

“Laçın ərazisində Suriyalı ermənilər üçün qəsəbə salınır, Kəlbəcərdə su elektrik stansiyası tikilir. Ardınca, bu günlərdə qondarma “Dağlıq Qarabağ”ın Şən və Hazırcavablar klubu (KVN) Soçiyə dəvət olunur. Bütün bunlar Azərbaycana qarşı atılan addımlar deyilmi? Faktlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli birmənalı olaraq, Azərbaycanın daxili işidir. Heç bir dövlət bu məsələdə tərəf tutmamalıdır”.

 

BƏXTİYAR
Yeniçağ.az