“Bakıda ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb”.
Yenicag.az xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada məskunlaşıb:
“Ona görə də ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Eyni zamanda, yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır”.