Milli Məclisdə daha bir qanun layihəsi plenar iclasa tövsiyə edildi

Yanvarın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Yenicag.az xəbər verir ki, komitənin sədri Fazil Mustafa iclasın gündəliyinə 3 məsələ daxil edildiyini bildirib.

Qeyd edib ki, gündəliyin birinci məsələsi – 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatla bağlıdır. O, ötən sessiyada komitənin 2 iclasının keçirildiyini, 4 məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb.

Sonra komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, iş planında komitəyə daxil olacaq qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Sonra iclasda birinci oxunuşda təqdim olunan və uyğunlaşdırma xarakteri daşıyan “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, sənəd əsasən terminoloji dəyişiklikləri özündə ehtiva edir.

Müzakirələrdə ötən sessiya ərzində komitənin fəaliyyəti yüksək dəyərləndirilib, yaz sessiyası üçün nəzərdə tutulan tədbirləri məqsədəmüvafiq hesab edilib, təkliflər səsləndirilib.

Müzakirələrin yekununda Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı nəzərə alınıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsi isə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

COP29