Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirildi

Mayın 30-da Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfrans iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayaraq tədbirin işinə uğurlar arzulayıb.

Milli Məclis sədrinin birinci müavini Azərbaycan dövlətinin və xalqının neokolonializm siyasətinə qarşı hər zaman ciddi müqavimət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının xüsusilə, Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin bu problemlə bağlı beynəlxalq səviyyədə apardığı müzakirələrin vacibliyini vurğulayıb. Nəzərə çatdırıb ki, Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir.

Qeyd olunub ki, son dövrlər BMT Baş Assambleyası çərçivəsində bir sıra müsbət qərarlar qəbul edilib. BMT Baş Assambleyasının 17 may 2013-cü il tarixli “Fransız Polineziyasının öz müqəddəratını təyinetmə” adlı qətnaməsində bu xalqın öz müqəddəratını təyin etməsi və müstəqillik qazanması onun əsas hüququ kimi göstərilib. Bu qətnamənin qəbulu Maohi Nui dövlətinin və “Tavini Huiraatira” partiyasının nümayəndələrinin apardığı əzmkar mübarizinin nəticəsidir. Lakin bu koloniyaların Fransız əsarətindən hələlik tam azad olmadığı təəssüflə bildirilib. Bugünkü konfransın əsas mövzusunun da bu problemlərin həlli yollarına yönəldiyi söylənilib. Qeyd edilib ki, BMT Baş Assambleyasının digər sənədində kolonializmə görə təzminat məsələsi öz əksini tapıb. Burada müstəmləkəçiliyin vurduğu ziyana görə təzminat və kompensasiya hüququ təmin edilib.

Diqqətə çatdırılıb ki, beynəlxalq hüquqda dövlətlərin hərbi cinayətlərə, soyqırımı aktlarına və insanlığa qarşı cinayətlərə görə məsuliyyət nəzərdə tutulur. Lakin müstəmləkə və post-kolonial dövrünün cinayətlərinə görə beynəlxalq hüquqda məsuliyyətə cəlb edilmək üçün yüksək məhkəmə həddini aşmaq lazımdır. Vurğulanıb ki, Fransa uzun illər qeyri-insani rəftar nümayiş etdirərək adalarda 200-ə yaxın nüvə sınaqları keçirib və Maohi Nui xalqı bundan çox böyük əziyyət çəkib. BMT Baş Assambleyasının müvafiq qətnaməsində də nüvə sınaqlarının sağlamlığa və ətraf mühitə mənfi təsiri məsələsi öz əksini tapıb. BMT Nizamnaməsinə və Baş Assambleyanın qətnamələrinə görə bu gün artıq Maohi Nui xalqı öz müqəddəratını təyinetmə hüququna malikdır. Bu məsələdə Azərbaycan daim ədalətin və Maohi Nui xalqının yanındadır.

Sonra konfransda çıxış edən Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri, “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Mamatuaiahutapu xalqının və təmsil etdiyi partiyanın öz məqsədlərinə çatmaq üçün göstərdiyi səylərdən bəhs edib. O, Fransanın BMT qətnamələrinə məhəl qoymadığını, nüvə sınaqlarını davam etdirmək istədiyini bildirib. Ölkəsinin təcrid olunduğunu bildirən qonaq xalqının səsini geniş ictimaiyyətə çatdırmaq üçün yaradılan imkana görə Azərbaycan Respublikasına təşəkkürünü ifadə edib. Viktor Maamaatuaiahutapu siyasi baxımdan gənc xalq olduqlarını və ədalətin bərpası üçün Azərbaycanın dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb.

Konfransda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov müasir dövrdə kolonizasiya siyasətinin hələ də davam etdiyini, müstəmləkə altında olan müxtəlif xalqların hüquqlarının pozulduğunu bildirib. Deputat bildirib ki, qlobal dekolonizasiyanın əhəmiyyətini dünya miqyasında təsdiq edən BMT Baş Assambleyasının 14 dekabr 1960-cı il tarixli “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsi qəbul edilsə də, onun həyata keçirilməsi hələ də təmin edilməyib. Fransız Polineziyasında mövcud vəziyyət bunun bariz nümunəsidir. Fransız Polineziyasında keçirilən nüvə sınaqları nəticəsində 100 mindən çox insanın zərər gördüyünü deyən deputat, Fransa dövlətinin yalnız 2010-cu ildə nüvə sınaqlarının qurbanlarına kompensasiya üzrə komissiya yaratdığını və 2022-ci ilədək 454 sakinə kompensasiya verdiyini və onlardan yalnız 63 nəfərin polineziyalı olduğunu söyləyib. Bildirilib ki, 1996-cı ildə Fransa Polineziyası BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısından çıxarılaraq bu siyahıya 2013-cü ildə yenidən daxil edilib. Beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa bu gün də Polineziyada öz müstəmləkəçilik siyasətini davam etdirir. N.Səfərov Azərbaycanın Fransız Polineziyasına dair mövqeyinin beynəlxalq hüquqa, ədalət prinsiplərinə, xalqların öz müqəddəratını təyinetmə hüquqlarına əsaslandığını bildirib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov müstəmləkəçiliklə üzləşən xalqların problemlərini geniş ictimaiyyətə çatdırmaq məqsədi ilə bir sıra beynəlxalq konfranslar keçirdiklərini diqqətə çatdırıb. O, Fransanın BMT tərəfindən dekolonizasiya ilə bağlı keçirilən tədbirləri hər dəfə boykot etdiyini söyləyib. Bakı Təşəbbüs Qrupu ilə “Tavini Huiraatira” Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalandığını deyən icraçı direktor ölkəmizin müstəmləkəçilikdən azad olmaq istəyən xalqların hər zaman yanında olduğunu bildirib.

Sonra tədbirdə Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Ziyafət Əsgərov, Zahid Oruc, Fazil Mustafa çıxış edərək Azərbaycan dövlətinin və xalqının humanizm və ədalətlilik prinsiplərinə əsaslanaraq Fransanın kolonializm siyasətinə qarşı mübarizə aparan ölkələrə dəstək verdiyini bildiriblər. Çıxışlarda vurğulanıb ki, hər zaman sülh tərəfdarı olan bir ölkə kimi Azərbaycan müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə dəstəkləyib, bu istiqamətdə öz səylərini əsirgəməyib, Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə öz prinsipial mövqeyini nümayiş etdirib.

Fransa Polineziyası nümayəndə heyətinin üzvləri Marania Vaianui, Klif Lusan, Tevaipaea Hoiore, Lüdovik Vanie, Heinui Lö Kay, Mariel Kohumoetini, Morea Mamatuaiahutapu Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Fransanın Polineziya xalqını siyasi, iqtisadi, mənəvi, mədəni sahələrdə öz təsiri altında saxladığını, onun təbii sərvətlərini mənimsədiyini söyləyiblər. Mövcud problemlərin müzakirəsi üçün beynəlxalq səviyyədə təşəbbüslərin irəli sürülməsinin, birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qonaqlar ölkəmizin Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə öz minnətdarlığını ifadə ediblər, bu istiqamətdə göstərilən səyləri yüksək qiymətləndiriblər.

Konfransın sonunda çıxış edən Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri, “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Mamatuaiahutapu diqqətə çatdırıb ki, 40 il əvvəl müstəqillik uğrunda mübarizədə onlar kiçik bir qrup idilər. Bu kiçik qrupla və məhdud imkanlarla torpaqlarını onların əllərindən alan böyük qüvvəyə qarşı mübarizə aparırdılar. O, bildirib ki, həmin dövrdə sadəcə olaraq “fransız deyiləm” demək həbsə atılmaq üçün kifayət edirdi. Bu yolda dəfələrlə zindanlara atılmağa, aclıq və yoxluqla üzləşməyə baxmayaraq, hər zaman amallarına sadiq qaldılar. Çünki bilirdilər ki, bu onların haqqıdır, hüququdur və həqiqət, ədalət onların tərəfindədir. Bu da mübarizəni davam etdirməyə güc verirdi.

Viktor Mamatuaiahutapu vurğulayıb ki, apardıqları mübarizə xalqlarının mövcudluğu uğrunda savaşıdır: “Biz Fransadan sadəcə xalqımızın yaşamaq hüququnu tələb edirik, haqq səsimizi çatdırmağa çalışırıq. Bu gün Fransa hələ də bizi eşitmək, dinləmək istəmir, bizi təhdid, qorxu və təzyiq altında saxlayır. Halbuki özü insan haqlarından, demokratiyadan danışır. Lakin biz artıq buna inanmırıq. Ona görə də biz buradayıq və inanırıq ki, ədalətə nail olmaq üçün dostların təcrübəsi və dəstəyi ilə Maohi Nui xalqı öz azadlıq mübarizəsini sonadək davam etdirəcək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli müzakirələrə yekun vuraraq Azərbaycan dövlətinin və xalqının Fransız Polineziyasının hüquqlarının qorunmasında və müstəqillik uğrunda mübarizəsində öz dəstəyini davam etdirəcəyini bildirib.

Konfransda Milli Məclisin deputatları, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

COP29