“Milli Məclisdə qazilərin müraciətini oxusaydım, Azərbaycanın qəhrəmanına çevrilərdim” – Aqil Abbas əlillərin hüquqları HAQDA

“Müdafiə Nazirliyi döyüşlərdə bir ayağını itirmiş hərbçini yeddi aydır, tərxis etmirsə, nəyi gözləyir?”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin son plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilmiş dəyişikliklərin üçüncü oxunuşda qəbul olunmasını dəyərləndirən millət vəkili Aqil Abbas deyib.

Aqil Abbasın sözlərinə görə, deputatların təklif etdikləri düzəlişlərin təqribən 70 faizi nəzərə alınıb:

“Milli Məclisin son plenar iclasından əvvəl əmək və sosial müdafiə nazirinin müavini Anar Əliyevin iştirakı ilə komitələrin birgə iclası keçirildi. Bilirsiniz ki, həmin qanuna ediləcək dəyişikliklərin ikinci oxunuş müzakirəsində ən kəskin danışan deputatlardan biri mən olmuşdum.

Komitələrin birgə iclasında qazilərin Milli Məclisə ünvanladıqları sosial müdafiə ilə bağlı müraciətini oxudum. Dedim, mən qazilərin müraciətini ona görə komitələrin iclasında oxuyuram ki, bunu plenar iclasda oxusam, bir anda qəhrəmana çevriləcəm, amma mən qəhrəman olmaq yox, dərdi çatdırmaq fikri ilə yaşayıram.

Komitələrin birgə iclasına qatılan Anar Əliyev deputatların irəli sürdükləri təkliflərin çoxunu qəbul etdi, qanun qüvvəyə minənə qədər o düzəlişlərin nəzərə alınması tövsiyəsi ilə razılaşdı. Yadınızdadırsa, ikinci oxunuşda on üç deputat əleyhinə səs vermişdi. Ancaq təkliflərimizin hamısı da olmasa, haradasa, yetmiş faizi qəbul edildiyi üçün plenar iclasda o məsələlərə təkrar toxunmadıq.

Mən hərbçilərin məsələsinə toxunmaq istəyirəm. Onların problemlərinin həll olunmaması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin günahı deyil. Əgər Müdafiə Nazirliyi döyüşlərdə bir ayağını itirmiş hərbçini yeddi aydır, tərxis etmirsə, nəyi gözləyir? O hərbçilərin yeni ayağı, ya da qolu, gözü əmələ gələcək?

Hamı bilməlidir ki, Müdafiə Nazirliyi hərbçini tərxis etməyənə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik təyin edib pensiya kəsə bilməz. Yəni bu məsələlərdə günah Müdafiə Nazirliyində və Nazirlər Kabinetində şikayətlər üçün yaradılmış Komissiyadadır. O komissiyanın nə işlə məşğul olduğu mənə bəlli deyil. Heç olmasa, ayda bir-iki açıqlama versinlər ki, nə iş görürlər…

Ümumiyyətlə, təsəvvür edin ki, həm Birinci, həm də İkinci Qarabağ savaşında könüllü vuruşan nə qədər adama veteranlıq statusu vermirlər. Baxmayaraq ki, hərbi hissəyə qəbul ediblər, döyüşmək üçün silah veriblər, sonra da tərxis ediblər. Axı niyə belə olmalıdır?

Bu yerdə məşhur deyim yada düşür: “Ağanın pulu çıxır, nökərin canı… ” Prezident dəfələrlə göstəriş verib vəsait ayırsa da, “nökər”in canı çıxır ki, o pulu versin”.

A.Zeynalov