Deputatlar Türk dilinin xarici dillərlə bir tutulmasına etiraz etdilər.
Yenicag.az xəbər verir ki, bu gün öz işinə başlayan Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətlər haqqında” saziş müəyyən mübahisələrə səbəb olub.
Bu məsələ ətrafında ilk çıxış edən millət vəkili Fazil Mustafa sazişin Azərbaycana aid hissəsində bəzi anlaşılmazlıqların olduğunu bildirib:
“Burada göstərilib ki, Türkiyə tərəfindən bu sazişin icrası Türkiyənin Azərbaycandakı səfirliyinin nəzdində yaradılmış Yunus Əmrə Mərkəzi tərəfindən tənzimlənəcək. Azərbaycan tərəfdən isə bu işlərlə bizim Türkiyədəki səfirliyimiz məşğul olacaq.
Məncə, bu, doğru deyil. Olmazmı ki, biz həmin sazişin icrasını çoxsaylı fondlarımızdan birinə həvalə edək, yaxud da yenisini, məsələn, Hüseyn Cavid Fondunu yaradaq. Hesab edirəm ki, bu işin səfirliyə həvalə edilməsi sadəcə, orada çalışanların ailə üzvlərinin iş yeri əldə etmələrindən başqa heç nəyə yaramayacaq.
Bundan başqa, mən Türk dilinin vəziyyətinə toxunmaq istəyirəm. Azərbaycanda Türk dilinin əcnəbi dillərlə – ingilis, rus, fransız dilləri ilə eyni tutulması yanlışdır. Mədəniyyət sahəsində əlaqələri gücləndirmək istəyiriksə, dildən başlamalıyıq və Azərbaycan dili Türkiyədə, Türk dili isə Azərbaycanda əcnəbi dil sayılmamalıdır”.
Millət vəkili Siyavuş Novruzov da çıxışında Türk dilinin başqa əcnəbi dillərlə eyni statusda qəbul edilməsinin əleyhinə çıxıb:
“Azərbaycan və Türk dilləri o qədər yaxındır ki, onları fərqli dillər hesab eləmək doğru deyil. Türk dilində çıxışlar olanda kim onu başa düşmür ki?
Hərdən millət vəkilləri arasında keçirilən anket sorğularına nəzər salanda adam təəccüblənir. Bəzi deputatlar “Hansı xarici dil bilirsiniz?” qrafasında Türk dilini də əlavə edirlər. Mən başa düşürəm, hüquqi baxımdan bu, belə ola bilər. Ancaq mənəvi tərəfdən yox. Çünki bu, bir dəyərdir.
Digər tərəfdən, hərdən Türk filmlərinə baxırıq, o filmləri elə dublyaj edirlər ki, məna-məzmun tamamilə itir. Ən yaxşısı, o filmləri Azərbaycan dilində subtitrlərlə verməkdir. Mən də hesab edirəm ki, Türk dili xarici dil kimi qəbul olunmamalıdır”.
A.Zeynalov