Milli Məclisə gözlənilən SEÇKİLƏR: “Həlledici söz xalqındır”

“Milli Məclisə gözlənilən seçkilər növbəti seçkilərdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Milli Məclisdə beş ildən bir seçilir. Bildiyiniz kimi, VI çağırış 2020-ci ilin fevral ayında növbədənkənar seçilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

AVP sədrinin fikrincə, əslində, parlament seçkiləri noyabr ayında keçirilməli idi.

“Lakin məlum səbəblərə, xüsusilə COP-29 kimi beynəlxalq tədbirin keçirilməsinə görə seçkilər önə çəkildi və bununla bağlı Milli Məclis cənab Prezidentə müraciət etdi. Dövlət başçısı isə məsələni Konstitusiya Məhkəməsinə göndərdi və məhkəmə qərarını verdi. Biz isə artıq cənab Prezidentin bununla bağlı Sərəncamını gözləyirik. Düşünürəm ki, yaxın günlərdə bu Sərəncam veriləcək və ölkənin bütün siyasi qüvvələri qarşıdan gələn parlament seçkilərinə köklənəcək”, – deyə o əlavə edib.

Deputat qarşıdakı seçkilərin demokratik, azad, şəffaf keçirilməsindən qətiyyən şübhə etmədiyini də diqqətə çatdırıb:

“Eyni zamanda, seçkilər sakit, hər hansı bir qarşıdurmanın baş vermədiyi şəraitdə keçiriləcək. Çünki Azərbaycan dünyanın ən sabit və sakit ölkələrindən biridir. Bu ənənə bundan sonra da davam etdiriləcək. Hər hansı xoşagəlməz hallar və qarşıdurmalar isə tamamilə istisna olunur”.

F.Ağamalı əlavə edib ki, Milli Məclisə seçkilərdə həlledici söz xalqındır və çoxsaylı namizədlərlə seçkilər keçiriləcək:

“Xalqımız onun içərisində layiqlilərin ən layiqlisinə səs verəcək və ümidvaram ki, belə də olacaq. Seçkilər Azərbaycan qanunları çərçivəsində Mərkəzi Seçki Komissiyasının müəyyən etmiş olduğu şərtlər daxilində keçiriləcək və yeni parlament formalaşacaq. Əminəm ki, əvvəlki müsbət ənənələrimizə söykənən Milli Məclisin VII çağırışında seçilən dəyərli deputatlarımız Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının maraqlarına xidmət etmək mövqeyində dayanacaq. Çünki artıq bu ənənələr bizdə formalaşıb və xalqın etimadını yüksək səviyyədə qazanan millət vəkillərimiz belə bir yüksək etimada layiq görüləcək”.

Rafi Müslümov