“Milli Məclisə seçilsəm…” – Namizəd elə vəd verdi ki…

111111111_1445956200Deputatlığa namizəd seçiciləri ilə silsilə görüşlərini davam etdirir

35 saylı Xətai üçüncü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd, Slavyan-Türk birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov təbliğat-təşviqat dövründə seçiciləri ilə silsilə görüşlərini davam etdirir. Adıgözəl Məmmədovunun Seçki qərargahında olub, bu haqda onun özündən məlumat alıdıq. O qeyd etdi ki, seçicilərlə izdihamlı görüşlərindən biri də M.Ə.Sabir adına Şəhər Kitabxana-klubunda baş tutub. Görüşdə el ağsaqqalları, ziyalılar, rayon ərazisində yaşayan sakinlər və gənclər iştirak ediblər: “Öncə namizədliyimi verdiyim dairədən mənə imza verən seçicilərimə təşəkkürümü bildirirəm və hər bir seçicinin seçiminə də hörmətlə yanaşacam. Ötən həftə 35 saylı Xətai üçüncü seçki dairəsindən seçicilərimlə çox ciddi müzakirələrlə keçən görüşüm baş tutdu. Təəssüf ki, görüşə gələn seçici sayının çoxluğundan bir çox vətəndaşlarımız akt zalına daxil ola bilmədilər. Ona görə onların hər birindən üzr istəyirəm. Seçicilər tərəfindən bir çox problemlər qaldırıldı; sakinlərin sosial məsələləri, işsizlik, məmur özbaşınalığı və s. Amma xüsusi müzakirə mövzusu bizim dünyada gedən geopolitik qarşıdurma kontekstində hamımızın birlikdə olmasının vacibliyi haqda idi”.

Adıgözəl Məmmədov bizimlə söhbətində fəaliyyətini daha geniş sferada, miqyasda qurduğunu bildirdi: “Təbii ki, bu fəaliyyətim yalnız Azərbaycanın milli maraqları, dövlət və dövlətçiliyin inkişafına, möhkəmlənməsinə hesablanıb. Mənim kitablarım, əsərlərim və tarixi araşdırmalarım regionun ən nüfuzlu ali təhsil və strateji, siyasi institutlarında müzakirəyə çıxarılıb. Özüm həmin yüksək tribunalardan siyasi çıxışlar, analizlər aparmışam. Siyasi psixoportretologiya sahəsində müəllif olduğum “Siyasi liderlərin psixoloji portretləri” , “Səudiyyə sülaləsi geosiyasət”, “Mircəfər Bağırov: Baş tutmamış çevriliş”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Slavyan-türk birliyi Avrasiya inteqrasiyası kontekstində”, “Bağırov-Beriya məxfi protokollar”, “Osmanlı çöküşünə Rusiyadan baxış”, “Avtoritar “rejimlər psixoloji portretlər”, “Diktatorla söhbət – Müəmmar Qəddafi”, sonuncu kitabım isə Rusiya Strateji Araşdırmaları İnstitutunun əməkdaşlarının yardımı ilə “Regional siyasi liderlərin psixoportretik xarakter xüsusiyyətləri” adı ilə çapdan çıxıb. Bu gün müəllifi olduğum kitablar dünyanın ən nüfuzlu universitetlərinin – Ağ evin, Konqresin kitab evində, Rusiyanın bütün universitetlərində, həmçinin Miçiqan, Steinford, Berkley, Braun, Yeley, İllinoys və sair universitetlərinin kataloquna daxil edilib.”.
Adıgözəl Məmmədov eyni zamanda Xətai rayonundakı müəssisələrdə də görüşlər keçirir. Adıgözəl Məmmədovun belə görüşlərindən biri oktyabrın 26-da “MedicinePark” klinikasının kollektivi ilə oldu. Görüşdə klinikanın həkimləri ilə yanaşı, ziyalılar, rayon ərazisində yaşayan sakinlər və gənclər iştirak edirdi.

Öncə “MedicinePark” klinikasının rəhbəri Zaur Abdullayev çıxış edərək Adıgözəl Məmmədovun fəaliyyəti, şəxsi keyfiyyətləri haqqında danışdı. O qeyd etdi ki, Adıgözəl Məmmədovun intellektual səviyyəsi və potensialı imkan verir ki, o, millət vəkili kimi Xətai sakinlərini parlamentdə təmsil etsin.
“Yeni nəşrlər” jurnalının baş redaktoru Fazil Kərimov isə Adıgözəl Məmmədovun həyat fəaliyyəti haqqında məlumat verdi: “Adıgözəl müəllim həkim ailəsində anadan olub və özü də həkimdir. Həkimlikdən əlavə Adıgözəl müəllim politoloqdur, ictimai-siyasi fəaliyyətlə məşğuldur. O, 12 kitabın müəllifidir. Bu kitabların ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda təqdimatları olub. Adıgözəl müəllimin getdiyi yol bəllidir. Bu, ulu öndər Heydər Əliyevin qoyduğu Azərbaycan dövlətinin müstəqilliyi, dünyada tanınmasına gedilən yola xidmətdir. Bu yolu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir”.

“Millət vəkilinin işi dövlətimizin iqtisadi inkişafı və tərəqqisinə dəstək olmaqdır”

Daha sonra Adıgözəl Məmmədov çıxış edərək bu görüşün təşkilatçılarına öz təşəkkürünü bildirdi. Seçiciləri ilə artıq 7-ci görüşünü keçirdiyini deyən Adıgözəl Məmmədov bildirdi ki, millət vəkilinin işi dövlətimizin iqtisadi inkişafı və tərəqqisinə dəstək olmaqdır: “Dövlətimizin apardığı siyasətin əsas xüsusiyyətlərindən biri də budur ki, yerlərdə həm dövlət məmurları, həmçinin əhalinin vəkil etdiyi insanlar birbaşa yerli problemlərin həllində cənab Prezidentə yardımçı olsunlar. Bu fəaliyyət strateji xətt kimi davamlı şəkildə həyata keçirilməlidir”.
Adıgözəl Məmmədov çıxışında dövlətin mövcud siyasəti ilə bağlı fikirlərini də bildirdi: “Bu gün Azərbaycan həm yerləşdiyi, həm də tutduğu mövqeyinə görə, regionda açar rolunu oynayır. Bu da istər-istəməz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün Azərbaycana əlavə vəsaitlərin cəlb olunmasına şərait yaradır. Çox sevindirici haldır ki, Prezidentimiz tərəfindən gömrükdə yoxlamaların asanlaşdırılması istiqamətində sərəncamlar verilir. Mənə elə gəlir ki, bu məsələlər hələ davam etdiriləcək. Yəni bu gün dövlətin əsas siyasəti Azərbaycan iqtisadiyyatını neftdən asılılıqdan çıxarmaqdır. Ona görə də sənayenin inkişafı ilə bərabər, insanların kəndə, torpağa qayıtması əsas prioritetdir”.

“Milli Məclisdə təmsil olunsam, tibbi sığorta məsələsini gündəmə gətirəcəm”

Öz platformasından danışan Adıgözəl Məmmədov səhiyyədə məvacib azlığının səbəbləri və bunun aradan qaldırılması yollarını açıqladı: “Bu problemin kompleks həlli həyata keçirilməlidir. Bunun həlli yollarından bir tibbi sığortadır. Bütün aparıcı dövlətlərdə tibbi sığortaya o halda keçilir ki, orada məvacib fondu buna imkan versin. O baxımdan bunun başqa təcrübələri var. Məsələn, Avropa ölkələrində istənilən adamın tibbi sığortasının vəsaiti onun işlədiyi müəssisə tərəfindən ödənilir. İnsan tibb müəssisəsinə müraciət edəndə müalicəsi üçün daha imkanının olub-olmadığını fikirləşmir. Bunun üstünlüyü odur ki, istənilən halda tibb sahəsində işləyən insanlar üçün böyük avantaj rolunu oynayır. Əgər məvacib fondunun formalaşmasında xəstələrin nə qədər müraciət etmək imkanı varsa, bu, xəstə üçün rahatlıq yaradır. Yəni o, rəqəmi düşünmür. Çünki onun tibbi sığorta bazası var. Eyni zamanda müraciət etdiyi tibb müəssisəsinin də imkanları genişlənir. Buna görə də tibbi müəssisə rəhbərləri ən savadlı həkimləri işə qəbul edirlər. Bu da təbii rəqabətə gətirib çıxarır. İstənilən tibbi müəssisə çalışacaq ki, onun tibbi personalı digərlərindən yaxşı olsun. Tibbin məvacib fondunun kökündən həlli yolunu tibbi sığortanın tətbiqində görürəm. Ona görə də əgər seçicilər mənə səsə versə və Milli Məclisdə təmsil olunsam, tibbi sığorta məsələsini gündəmə gətirəcəm”.

Adıgözəl Məmmədovun fikrincə, aparıcı tibbi müəssisələrin rəhbəri ancaq həkim olmamalıdır. O, Azərbaycan səhiyyəsinin çox güclü yetirmələri olduğunu dedi: “Mən də Azərbaycanda tibb təhsili almışam. Bilirəm ki, Azərbaycan tibb təhsili olduqca güclüdür. Bizim Tibb Universitetinin verdiyi təhsil dünyanın bir çox aparıcı universitetləri ilə eynidir. Lakin bir çox hallarda Azərbaycandan xəstələrin müalicə üçün başqa ölkələrə, xüsusən İrana getməsinin səbəbini bəziləri yanlış olaraq tibb işçilərində axtarır. Burada həkimlərimizin professionallığından söhbət getmir. Azərbaycan tibb sahəsində formalaşmış mexanzm var ki, insanları buradan uzaq salır. Sonda zərbə Azərbaycan xəstəsinə, vətəndaşına dəyir”.

“Tədris prosesində şagirdlərin təhsil şüuru yüksəldilməlidir”

Təhsil sahəsində də görülməsi vacib işlərdən danışan Adıgözəl Məmmədov müəllim peşəsinin müqəddəs olduğunu vurğuladı: “Müəllimlərimizin problemləri göz qabağındadır. Onlarda da əsasən məvacib məsələsidir. Məvacib fondunun formalaşması hansı şəkildə həyata keçiriləcək? Tibbi sığorta kimi bunu da dövlətə heç bir yük düşmədən həll etmək olar. Bunun üçün Avropanın, elə qardaş Türkiyənin praktikasından istifadə etmək lazımdır. Necə? Cəmiyyətdə müxtəlif sosial təbəqələr var. Bunlara uyğun təhsil sistemi formalaşdırılır. Məsələn, xeyriyyə təşkilatlarının fondları var. Bu təbəqədən olan insanların uşaqlarının təhsilini onlar öz boyunlarına götürürlər. Həmin məktəblərdə ən yüksək səviyyəli peşəkarlar çalışırlar”.

Bundan başqa orta məktəblərdə repetitorlar üçün ayrıca korpus yaratmaq olar. Buna “subarenda” deyirlər. Daha müəllimlər evlərində deyil, hər hansı məktəbdə xüsusi ayrılmış yerdə şagird hazırlaya bilərlər. Burdan əldə olunan gəliri məktəbin maddi-texniki bazasının yenilənməsinə yönləndirmək olar. Ümumi götürsək, tədris prosesində şagirdlərin təhsil şüuru yüksəldilməlidir. Təhsildə nəzəri və praktik biliklərə daha çox yer verilməlidir”.