Milli Məclisin 28 May “İSTİRAHƏTİ”: “Həmin tarix qeyri-iş günü olduğundan…” – Fəzail Ağamalı

“Fikrimcə, Milli Məclisin mayın 27-nə təyin edilən iclasında Respublika Günü ilə əlaqədar təbriklər olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin 28 May Respublika Günü ilə əlaqədar xüsusi iclas təyin etməməsinin səbəbi haqda danışan millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, 28 May qeyri-iş günü olduğundan, həmin tarixə Milli Məclisin iclası təyin edilməyib:

“Bildiyiniz kimi, mayın 28-i iş günü olmadığından, Milli Məclisin iclası həmin günə təyin edilməyib. Yəni həmin tarix rəsmi olaraq, iş yox, istirahət günüdür.

Milli Məclisin Nizamnaməsinə əsasən, həftənin 2-ci və 5-ci günləri iclas keçirilir. Eyni zamanda, Milli Məclisin istənilən günə iclas təyin etmək səlahiyyəti var. Amma dediyim kimi, mayın 28-i iş günü deyil.

Fikrimcə, Milli Məclisin mayın 27-nə təyin edilən iclasında Respublika Günü ilə əlaqədar təbriklər olacaq”.

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası mayın 27-nə təyin olunub.