Milli memarlıq brendi: “Stalinka” və “Xruşovka”ların əvəzinə “Bakı”, “Gəncə, “Qarabağ” layihələri

“Həmin binalar qaldıqca, onlar öz ölkələrinin və təmsil etdiyi şəxslərin adlarını daima yaşadacaqlar”.

Tikinti sektorunun ölkəmizdə sürətli inkişafı paytaxt və bölgələrimizdə yüzlərlə yeni tikili yaşayış binaları, ticarət obyektləri və dövlət əhəmiyyətli binaların tikilərək istifadəyə verilməsinə yol açıb. İnşa olunan bu tikililərin böyük əksəriyyətinin layihələri yerli memarlarımız tərəfindən hazırlanıb. Maraqlıdır ki, bu fonda Azərbaycan özünün tikinti brendini hazırlaya bilərmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında tikinti brendinin hazırlanması məsələsinə toxunub. Onun sözlərinə görə, bu gün paytaxtdakı yüzlərlə köhnə yaşayış binaları onların layihələrinə verilmiş adlarla tanınır. O baxımdan, sırf Azərbaycana məxsus tikinti brendinin yaradılması zəruri və mümkündür:

“Ölkəmizdə “Leninqrad”, “Kiyev”, “bolqar”, “italyan” “fransız”, “Stalin”, “Xruşov” və sair sadalamaqla bitməyən şəhərlərin və şəxslərin adlarını daşıyan tikinti layihələri var. Bu, o deməkdir ki, həmin binalar qaldıqca, onlar öz ölkələrinin və təmsil etdiyi şəxslərin adlarını daima yaşadacaqlar.

Artıq neçə illərdir ki, Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə müxtəlif sahələrdə Azərbaycan brendlərinin yaradılması yönündə işlər gedir və bir sıra naliyyətlər əldə olunub. Tikinti sahəsinin sürətlə inkişaf etdiyi ölkəmizdə Azərbaycan da özünün tikinti brendini yarada bilər”.

Elnur Fərzəliyev təklif edir ki, memarlarımız, tikinti şirkətləri və bu sahəyə aidiyyatı olan qurumlar tərəfindən müsabiqə yolu ilə yeni bina layihələrinin hazırlansın və həmin Azərbaycan brendi dünyada tanıdılsın:

“Müsabiqə yolu ilə seçilən layihənin Azərbaycan brendi olaraq, ölkədə və xaricdə həyata keçirilməsi iqtisadi inkişafa müsbət təsir edə bilər. Müxtəlif ölçülərdə hazırlanan layihələrə Bakı, Gəncə, Naxçıvan, Qarabağ və digər bölgələrimizin adlarını verə bilərik. Bu layihələr adiyyatı qurumlar tərəfindən qəbul olunarsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə öz müasir milli memarlığımızı dəbə sala bilərik”.

Gülşən Şərif