Milli-mənəvi dəyərlərimizin İNKİŞAFI: “Gənclərimiz bu mirası qorumağa və həmin yolda fəaliyyət göstərməyə yönəlirlər”

Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi hər bir xalqın gələcəyinin formalaşmasında əsas amillərdən biridir. Bu şüurun inkişafı, gənclərin öz kimliklərini tanıması, mədəniyyətlərini, tarixlərini və ənənələrini dərk etməsi ilə mümkündür. Milli mənlik şüuru yalnız fiziki və maddi müstəqillik deyil, eyni zamanda, bir xalqın dəyərlərini qorumağa və bu dəyərləri gələcək nəsillərə ötürməyə yönələn anlayışdır.

Bu proses ümumilikdə təhsil müəssisələrindən başlayaraq, ailə mühitində dəstəklənməli və cəmiyyətin bütün sahələrində davam etdirilməlidir. Təhsil gənclərə öz xalqının tarixini, ədəbiyyatını, dilini və mədəniyyətini öyrətmək baxımından vacibdir. Həmçinin milli mənlik şüurunun inkişafı gənclərin vətənə, xalqa və dövlətə qarşı məsuliyyət hissini artırır. Onlar keçmişin qəhrəmanlıq tarixini dərk edərək, bu mirası qorumağa və həmin yolda fəaliyyət göstərməyə yönəlirlər.

Gənclərin milli mənlik şüurunun formalaşmasında həmçinin müasir texnologiyalar və sosial media da mühüm rol oynayır. Sosial şəbəkələrdə milli dəyərlərə uyğun maarifləndirmə və təbliğat işləri gənclərin milli şüurlarını daha geniş kütlələrə yaymağa imkan yaradır. Bu istiqamətdə bədii və sənədli filmlər, kitablar, mədəni tədbirlər və mühazirələr təşkil edilməsi, gəncləri bu məsələyə daha da cəlb edəcəkdir.

Son olaraq, milli mənlik şüuru gənclərdə vətənpərvərlik ruhunu gücləndirir. Vətənə olan sevgi və bağlılıq, yalnız fiziki sərhədləri qorumaq deyil, eyni zamanda, milli dəyərləri yaşatmaq və bu dəyərləri gələcək nəsillərə ötürməkdir. Gənclərin milli mənlik şüurunun yüksək olması ölkənin gələcəyinin möhkəm və işıqlı olmasına zəmin yaradır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib ki, 44 günlük müharibədən sonra hər bir azərbaycanlı, xüsusilə də Azərbaycan gəncliyi özünü qalib millətin və qalib dövlətin vətəndaşları kimi hiss edirlər:

“Ali Baş Komandanın xalqı vahid milli ideya ətrafında birləşdirməsi gənclərin vətənpərvərlik duyğularının inkişafı baxımından ən mühüm amillərdən biridir. Çünki Azərbaycan 200 illik milli ideyasını həyata keçirib. Torpaqlarımızın işğaldan azad olunması ölkəmizin bütövlüyü uğrunda xalqın keçdiyi fədakarlıq və qəhrəmanlıq yolu gənclərə təbliğ edilməli, onlarda vətənpərvərlik hissləri daha da yüksəldilməlidir.

Vətənpərvərlik hisslərinin aşılanması, ilk növbədə, təhsil müəssisələrində başlamalıdır. Təhsil müəssisələrində bu istiqamətdə həm təlim, həm də tədris prosesinin planlaşdırılması vacibdir. Eyni zamanda, dövrümüz informasiya texnologiyaları dövrüdür. Sosial şəbəkələr, həmçinin müxtəlif televiziya formatlarında, bədii və sənədli filmlərin çəkilməsi, müxtəlif bədii tədbirlərin keçirilməsi, məktəblərdə interaktiv formada gənclərin bu prosesə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Əlavə olaraq doğma Qarabağımıza ekskursiyaların təşkili, gənclərin orada tədris prosesinə cəlbi mühüm amildir. Artıq həyata keçirilən bu proses daha da sürətləndirilməlidir”.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə isə bildirib ki, mövzu həqiqətən çox önəmli və daim aktuallığını qorumalı olan məsələdir:

“Azərbaycanın bu günü və gələcəyi üçün milli-mənəvi baxımdan dayanıqlı gəncliyin formalaşmasında milli şüurun inkişafı çox vacibdir. Bu istiqamətdə Azərbaycan dövləti və vətəndaş cəmiyyəti daim çalışır. Dövlətimizin bu sahədə apardığı işlər, xüsusilə Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən layihələr gənclərdə vətənpərvərlik hissinin, milli şüurun inkişafını hədəfləyir.

Eyni zamanda, regionlarda icra hakimiyyətləri də mütəmadi olaraq bu istiqamətdə tədbirlər keçirirlər. Sadalanan işlərin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri cəbhədə ön sıralarda yer aldılar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həqiqətən də 30 il ərzində gənclər arasında aparılan milli şüurun inkişafı və vətənpərvərliyin təbliği müsbət nəticələr verdi”.

Onun fikrincə, vətəndaş cəmiyyəti də bu istiqamətdə öz töhfəsini verir:

“Gənclərin milli şüurunun inkişafına yönəlmiş bir çox layihələr həyata keçirilib. Bu layihələrin məqsədi, xüsusilə xarici ölkələrdə yaşayan gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsidir. Çünki xaricdə yaşayan vətəndaşların daimi olaraq milli-mənəvi dəyərlərimizin təbliğinə ehtiyacı var. Bu məqsədlə, xarici ölkələrdəki diaspor saytlarında və radiolarda milli mənlik şüurunun inkişafı ilə bağlı yazılar dərc edib, maarifləndirici çıxışlar yayımlamışıq.

Gənclərin milli mənlik şüurunun inkişafı üçün dilin böyük əhəmiyyəti var. Onlar Azərbaycan dilində düşünməli, öz mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumağa çalışmalıdırlar. Bu istiqamətdə kitabların da xüsusi rolunu əsas götürərək bizim Azərbaycançılıq ideologiyasını təbliğ edən kitablar çap etmişik. Məqsədimiz xarici ölkələrdə yaşayan gənclərin bu kitablardan istifadə edərək, milli-mənəvi dəyərlərini qorumalarına dəstək olmaqdır”.

“Ümumiyyətlə, gənclərdə vətənpərvərlik hisslərinin təbliği üçün öncə qəhrəmanlarımızı tanıtmaq lazımdır. Onlar qəhrəmanlarımızdan ilham almalı və özlərinə nümunə götürməlidirlər. Bu məqsədlə, Böyük Vətən müharibəsində iştirak edən 700 min azərbaycanlının, I və II Qarabağ müharibələrində qələbəni bizə daddıran qəhrəmanları gənclərimizə tanıtmalıyıq.

Bu gün Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq irsi davam edir. Xalqımızın genefondunda vətənpərvərlik ruhu var. Buna görə də daimi olaraq sözügedən istiqamətdə tədbirlər və layihələr keçirilməli, gənclərə qəhrəmanlarımızın fədakarlıq yolu aşılanmalıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.