!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli musiqi salnaməsinə yeni səhifələr yazan Dahi Bəstəkar

!Reklam – Yazi

Azərbaycan bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (1965), Azərbaycan Respublikasının Xalq Artisti (1978), professor (1979), SSRİ Xalq Artisti (1986), Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik)(2014) Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub.

O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, ömrünün sonunadək orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri – “Məhəbbət Əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: “Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir”.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun “İki qəlbin kitabı” əsəri əsasında yaratdığı “İki qəlbin poeması” baleti olub. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədiliyinin, qüdrətinin rəmzinə çevrilib.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfoniyaçıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirib.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub. Məlikov Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olub.

Dahi bəstəkar 1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 1978-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına, 1979-cu ildə professor adına, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa, akademik A. Məlikov 1971-ci ildə “Şərəf Nişanı” ordeni, 1998-ci ildə “İstiqlal” ordeni, 13.09.2018-ci ildə “Şöhrət” ordeni,13.09.2013-cü ildə isə “Heydər Əliyev” ordeni ilə təltif olunub. 1982-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyən A.Məlikov 1986-cı ildən Azərbaycan SSR dövlət mükafatı laureatı, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər universitetinin fəxri doktorudur.

Musiqi əsərləri – “Məhəbbət əfsanəsi” (1961), “Ölümdən güclü (balet)” (1966), “Yer üzündə iki nəfər (balet)” (1969), “Əlibaba və qırx quldur (balet, A. Məlikov)” (1973), “İki ürək dastanı (balet)” (1981), “Yusif və Züleyxa” (1999).

Dahi bəstəkarın Simfonik əsərləri – “Simfonik nağıl”, Səkkiz simfoniya (1958-2000) – BSO üçün, simfonik poemalar: “Nağıl”, “Füzuli”, “Metamorfozlar”, “Axırıncı aşırım”, “Qəhrəmani” – BSO üçün, 7 saylı Simfoniya (1995) – Xalq Çalğı alətləri Orkestri üçün əsərlər, “Azərbaycan” balladası (1995) – Çingiz İldırımın söz. səs və simfonik orkestr üçün, Kamera instrumental əsərlər (prelüdlər, süitalar), Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Operatta, “Dalğalar” (1967), Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001).

“Məhəbbət əfsanəsi” istisna olmaqla, akademik A.Məlikovun baletlərindən heç biri Azərbaycan səhnəsində qoyulmayıb.

Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirib və milli musiqi salnaməsinə yeni səhifələr yazıb. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb edib və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanıb.

Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutub. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanıb. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərib. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olub. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirib.

Böyük bəstəkar, dəyərli ziyalı, böyük insan, yorulmaz pedaqoq, millətinə və dövlətinə bağlı olan unudulmaz şəxsiyyət Arif Məlikov 9 may 2019-cu ildə – 85 yaşında dünyasını dəyişib. Görkəmli bəstəkar ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunub və o, I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin! Ruhun şad olsun Dahi İnsan!

Tarix üzrə fəlsəfə doktoru, dosent,
Sübhan Talıblı

www.yenicag.az

2315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv