Milli musiqimizdə Elza İbrahimova ZİRVƏSİ: Bütöv Azərbaycanı coşduran “Ey Vətən”… – Cəvahir Nehru yazır

İki ömür yaşayır sənətkarlar… Fiziki ömürlərini başa vurduqdan sonra sənət ömürlərini yaşamağa davam edirlər. Bəstəkarlar da belədir. Bu dünyadan köçüb gedəndən sonra ömürləri musiqilərinin mövcudluq müddəti ilə birgə uzanır. Hər dəfə o musiqilər səsləndikcə, ömürləri də təzələnir.

Xalq artisti, bəstəkar Elza İbrahimova da ömrünü həzin mahnılarında davam etdirənlərdəndir. Bu gün onun doğum günüdür. Musiqi dünyamıza “Bilməzdim”, “Sən yadıma düşəndə”, “Ey Vətən”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Qayıt gəl” və digər yüzlərlə mahnı hədiyyə edən əbədiyaşar bəstəkarı elə ölməz əsərləri ilə yad etdik.

Bu mahnıları sevə-sevə dinləyirik, zövq alırıq və ruhuna əbədi rəhmət diləyirik. Sevinirik ki, nə yaxşı, bu musiqilər yazılıb, nə yaxşı, bizim nəsil belə gözəl mahnılardan zövq ala-ala böyüyüb, formalaşıb. Bəli, üçgünlük-beşgünlük mahnıların tüğyan etdiyi bir vaxtda Elza İbrahimovanın musiqiləri insanın ruhuna yeni can verir.

Publikaya musiqi adına sırınan, zövqləri kütləşdirən o bayağı mahnılar nə yaddaşlarda qalacaq, nə də insanların könül nəğməsinə çevriləcək. Amma Elza İbrahimovanın musiqisi əbədi yaşayacaq. Bu gün ruhunuz şaddır, Elza xanım. Çünki ən böyük arzunuz işğal altında olan torpaqların azad edilməsi və mahnılarınızın o torpaqlarımızda səslənməsi idi.

Bu gün illərlə həsrətini çəkdiyiniz Vətən torpaqları işğaldan azad olunub, bütövləşib və indi Vahid Azərbaycanda “Ey Vətən” mahnısı əzəmətlə səslənir. Sənətkarlarımız hələ neçə-neçə bəstənizi Şuşada, Xankəndidə, bütün Qarabağda havalandıracaq. Nə qədər ki musiqiləriniz yaşayır, o zaman sizin ömrünüz də bəstələrinizlə davam edəcək, incəsənətimizə əbədi möhürünü vuran Elza İbrahimova!

Cəvahir

COP29