Milli parkda “açıq qapı” günü keçiriləcək

Xəzər dənizi sahilində, Samur-Şabran ovalığında yerləşən Samur-Yalama Milli Parkının yaranması günündə – 5 noyabrda milli parkda “açıq qapı” günü keçiriləcək, ziyarətçilər üçün maarifləndirici və rəngarəng tədbirlər təşkil olunacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Yenicag.az-a bildirib ki, Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkında ziyarətçilər turizm marşrutları boyunca hərəkət edərək unikal təbiət mənzərələrini seyr edə və Xəzər dənizinin sahilində quşların müşahidəsini apara bilərlər.

O qeyd edib ki, tədbirlər çərçivəsində “Samur Yalama Milli Parkının tanıtımı” adlı rəsm sərgisi, gənclər arasında səmti müəyyənetmə yarışı, milli parkdakı flora və fauna nümunələrindən ibarət fotosərgi, məktəblilərin tulantılardan hazırladığı müxtəlif əl işlərinin nümayişi həyata keçiriləcək.

Xatırladaq ki, Samur-Yalama Milli Parkı ətraf mühitin və Xəzər dənizinin sahil ekosisteminin mühafizəsi, bioloji müxtəlifliyinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Sərəncamı ilə yaradılıb.