Milli qəhrəman terror aktı hazırlamaqda ittiham edilir

Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin milli qəhrəmanı, deputat Nadejda Savçenko ilə bağlı Ali Radaya təqdimat göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə baş prokurorun mətbuat katibi Larisa Sarqan məlumat yayıb. O bildirib ki, təqdimatda Savçenkonun cinayət məsuliyyətinə cəlb edilməsi, saxlanılması və həbsinə icazə verilməsi xahiş edilir.

Təqdimatdan əvvəl Lutsenko Ali Radada çıxışında Savçenkoya qarşı istintaq tədbirləri görmək üçün deputatlara müraciət edəcəyini açıqlayıb. O deyib ki, Savçenko parlament zalında terror aktı həyata keçirməyi planlaşdırıb. Baş prokurorun sözlərinə görə, Savçenko əvvəlcə zala qumbaralar atmaq, daha sonra sağ qalan deputatlara avtomatla atəş açmağa hazırlaşırmış və bu barədə istintaqın əlində təkzibedilməz sübutlar var.

Xanım deputat bu gün səhər Ukrayna Təhlükəsizlik Xidmətində dindirilib. O, artıq Ali Radanın Milli təhlükəsizlik komissiyasının üzvlüyündən xaric edilib və milli qəhrəman adının da prezident tərəfindən ləğv olunacağı gözlənilir.