“Artıq övladlarımızın ruhları şaddır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin “İxlas” Xəbər Agentliyinə (İHA) verdiyi müsahibədə 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan, Milli Qəhrəman İsgəndər Aznaurovun anası Kamilə Mustafayevə deyib.
Milli Qəhrəmanın anası Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin sevincini yaşadıqlarını bildirib:
“Azərbaycan xalqını təbrik edirəm. Torpaqlarımız alındı. Allahıma şükürlər olsun. Oğlum doxsan üçüncü ildə şəhid olub. O və digər bütün şəhidlərimizin ruhu şad olsun. Rahat uyusunlar, çünki Azərbaycan torpaqlarını geri aldı. Çox gözlədik, ancaq torpaqlarımız alındı. Ataların bir sözü var, deyir, özgə atına minən tez düşər. Ermənilər də bunun kimi. Şəhid olan bütün əsgərlərimizə Allah cənnəti nəsib etsin, analarına da səbr versin. Azərbaycana salamım var. Möhkəm olun, başınızı heç zaman əyməyin. Artıq övladlarımızın ruhları şaddır”.
İsgəndər Azanurovun qızı Zuina Aznaur Əhmədoğlu atasının uğrunda şəhid olduğu Qarabağa getmək arzusunda olduğunu qeyd edib:
“Atam orda şəhid olduğu üçün çox qürurluyam. Zəfərə görə də çox sevincliyəm. Bütün Azərbaycan xalqı kimi biz Ahıskalılar da çox sevincliyik. Daha öncə Qarabağa getməmişəm, ancaq indi atamın uğrunda şəhid olduğu yerləri görmək istəyirəm”.