!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Qeyrət Partiyası iqtidarın, yaxud da müxalifətin yox, millətin yanında olacaq” - Şakir Abbasov

!Reklam – Yazi

“Qarabağ ətrafında müharibə hələ bitməyib, siyasi-diplomatik müstəvidə savaş davam edir”.

Yenicag.az yeni qurulan Milli Qeyrət Partiyasının (MQP) sədri, Füzuli rayon icra hakimiyyətinin sabiq başçısı Şakir Abbasovla müsahibəni təqdim edir.

– Şakir bəy, Milli Qeyrət Partiyasının yaradılması hansı zərurətdən doğdu və təşkilatın formalaşdırılması prosesi necə getdi?

– Mərhum Əşrəf Mehdiyevin sədri olduğu Qeyrət Partiyası 2010-cu ildə fəaliyyətini dayandırmışdı. Biz bu partiyanın adını dəyişərək, Milli Qeyrət Partiyası adlandırdıq və artıq bu adla siyasi fəaliyyətimizi davam etdiririk. Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam, ətrafımızda alimlər, qazilər, dəyərli ziyalılar var. Bu müharibədə bir daha əmin olduq ki, millətimiz çox böyük və qeyrətlidir. Güllə qabağına getmək hər adamın işi deyil. Bu, qeyrət və vicdan tələb edir. Dostlarla bu məsələləri müzakirə etdikdən sonra belə qərara gəldik ki, Qeyrət Partiyası yeni adla fəaliyyətini bərpa etməlidir. Baxın, silah çoxdur, ancaq burada əsas məsələ o silahdan istifadə edən millətin qeyrətidir. Biz açıq şəkildə gördük ki, bu millətdə əqidə, böyüklük, qeyrət var. Bütün dünyaya sübut etdik ki, biz qeyrətli millətik və Azərbaycanda Milli Qeyrət Partiyasının yaranmasına ehtiyac var.

– Partiyanın təsis konfransı keçirilib?

– Konfransımız pandemiya ilə əlaqədar 3 müxtəlif yerdə baş tutub. Sonuncu konfransımız Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirildi. Bildiyiniz kimi, belə tədbirlərdə iştirakçıların sayı çox ola bilməz. Ona görə də konfransda müəyyən sayda şəxslər iştirak edə bildi. Təsis konfransında Məclisin üzvləri seçildi, Ağsaqqallar Şurası yaradıldı, başqa vacib qərarlar qəbul edildi.

Yeri gəlmişkən, bir məqama toxunum, Beyləqandan, başqa rayonlardan bizə zənglər gəldi, partiya rəhbərliyini bölgələrə dəvət edirlər. Bizim fəaliyyətimizə diqqətin böyük olduğunu nəzərə alıb Milli Qeyrət Partiyasını elə Qarabağda genişləndirməyi düşünürük. Bilirsiniz, Şuşa qismən dağıdılsa da, işğaldan azad edilmiş digər ərazilərimiz bərbad vəziyyətdədir. Qeyrətli əsgərlərimiz orada can qoyublar, qan töküblər, şəhid və qazi olublar, biz mütləq o torpaqlara qayıtmalı, oraları dirçəltməli və yaşamalıyıq.

Müharibə dayandırıldıqdan sonra ermənilər yenidən Xankəndinə qayıdırlar. Mən prezident İlham Əliyevə müracət edərək, əhalinin təcili qaydada Şuşaya yerləşdirilməsinin vacibliyini bildirəcəm. Necə olur ki, ermənilər Xankəndinə qayıdırlar, ancaq bizim əhali hələ Şuşaya gedə bilmir.

Doğrudur, partiyamızın mərkəzi qərargahı Bakıda yerləşəcək, ancaq işğaldan azad edilmiş bütün rayonlarımızda şöbələrimiz olacaq.

– Siz vaxtilə Füzuli rayon icra hakimiyyətinin başçısı olmusunuz. Füzuli rayonu işğal dönəmində ermənilər tərəfindən viran edilib. Sabiq icra başçısı olaraq, o yerlərin yenidən dirçəldilməsi üçün hansı təklifləriniz olacaq?

– Torpaqlarımız işğal ediləndə, 20 mindən çox şəhid vermişdik. Çox şükürlər olsun ki, həmin ərazilərimizi daha az sayda itki ilə işğaldan azad etdik.

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Amma ilk növbədə biz təcili surətdə o torpaqlara qayıtmalıyıq. Milli Qeyrət Partiyası əhalinin ən qısa müddətdə azad olunmuş ərazilərdə məskunlaşdırılmasını təklif edir, böyük qayıdış mütləq başlamalıdır. Əlbəttə, bizim də bərpa-quruculuq işləri ilə bağlı təkliflərimiz var və biz onları təqdim edəcəyik.

Çox arzuolunandır ki, dövlət büdcəsindən ayrılmış həmin vəsait qəpiyinə qədər öz təyinatı üçün sərf olunsun. Çox əlamətdar haldır ki, tək qarabağlılar deyil, başqa bölgələrdən olan həmvətənlərimiz də işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşmaq, yaşamaq istəyirlər.

– Azərbaycanın siyasi həyatında partiyanızın rolunu necə görürsünüz?

– Hazırda müşahidə olunan siyasi oyunbazlıqların qəti əleyhinəyəm. Qarabağ ətrafında müharibə hələ bitməyib, siyasi-diplomatik müstəvidə savaş davam edir.

– Milli Qeyrət Partiyası özünü iqtidar, yoxsa müxalifət düşərgəsinə aid edir?

– Partiyamızı daha çox mərkəzçi mövqedə görürəm. Milli Qeyrət Partiyası çox yaxın zamanda ölkə siyasətində öz fəaliyyəti ilə seçilən partiyaya çevriləcək. Sirr deyil, ölkədə çox sayda partiya var ki, onların mövcudluğu yalnız kağız üzərindədir. Əminliklə deyirəm ki, Milli Qeyrət Partiyası iqtidarın, yaxud da müxalifətin yox, millətin yanında olacaq.

Səxavət Məmməd

www.yenicag.az

1729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv